Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Akademik Fikrət Əliyevin 65 yaşı tamam olur
13.08.2014 00:00
  • A-
  • A
  • A+

Akademik Fikrət Əliyevin 65 yaşı tamam olur

13 avqust 2014-cü il tarixdə Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun (ETİ) direktoru, akademik Fikrət Əliyevin 65 yaşı tamam olur.

Fikrət Əliyev 1949-cu ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Nüvədi kəndində ziyalı ailəsində anadan olmuşdur. O, 1966-cı ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur.

F.Əliyev 1971-ci ildə həmin fakültəni bitirərək aspiranturaya daxil olmuş, 1975-ci ildə Ukrayna EA-nın Riyaziyyat İnstitutunda (Kiyev) namizədlik dissertasiyasını müdafiə etmiş, 1990-cı ildə isə Moskva şəhərində fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini almaq üçün doktorluq dissertasiyasını müdafiə etmişdir.

O, 1975-ci ildən 1992-ci ilədək Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitutunda kiçik, baş elmi işçi, 1992-93-cü illərdə İstanbul Texniki Universitetinin (Türkiyə) professoru olmuş, 1993-cü ildən indiyədək BDU-nun Tətbiqi Riyaziyyat ETİ-nin direktoru vəzifəsində çalışır.

F.Əliyev 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasına informatika ixtisası üzrə akademik seçilmişdir.

F.Əliyev instituta rəhbərlik etdiyi gündən prioritet elmi istiqəmətlərin müəyyən edilməsi, bu istiqamətlərdə fundamental və praktiki elmi-tədqiqat işlərinin təşkili, elmi kadrların yetişdirilməsi, dünyanın nüfuzlu elmi jurnallarında məqalələrin nəşr edilməsi, gənc kadrların yetişdirilməsi istiqamətində əsaslı işlər görmüşdür. Onun rəhbərliyi altında 15 elmlər namizədi, 4 elmlər doktoru dissertasiyası müdafiə edilmişdir.

1994-cü ildən F.Əliyevin rəhbərliyi ilə müntəzəm olaraq institutun elmi seminarı keçirilir. Seminarda əcnəbi alimlər, ölkəmizin müxtəlif elmi mərkəzlərində, universitetlərində çalışan alimlər də elmi məruzələrlə çıxış edirlər.

F.Əliyevin baş redaktorluğu ilə ”Applied and Computational Mathematics” beynəlxalq jurnalı təsis edilmiş və Azərbaycan elm tarixində ilk dəfə Thomson Reuters agentliyinin siyahısına salınmışdır. Təşkilatın 2014-cü il üçün hesabatına əsasən jurnalın təsir əmsalı 0.697 olmuşdur. Qeyd etmək lazımdır ki, bu əmsal nəinki keçmiş Sovetlər Birliyində, hətta bir çox Avropa ölkələrində uyğun profildə dərc olunan jurnalların təsir əmsalından artıqdır. Bu jurnal vasitəsilə institut dünyanın 45 ölkəsindən 150-dən çox elmi mərkəzlə əlaqələr qurmuşdur. Bundan əlavə o, bir neçə digər nüfuzlu elmi jurnalların redaksiya heyətinin üzvüdür.

F.Əliyev Türk Dünyası Riyaziyyat Cəmiyyətinin vitse-prezidentidir. Bu cəmiyyətin yaradılmasında, fəaliyyətində, onun konqreslərinin keçirilməsində müstəsna xidmətləri olmuşdur. Cəmiyyətin üçüncü konqresində (Almatı, Qazaxstan) “TWMS Journal of Pure and Applied Mathematics” jurnalın təsisi haqqında qərar qəbul edilmişdir. Bu jurnalın nəşr edilməsi F.Əliyevin baş redaktorluğu ilə BDU-nun Tətbiqi Riyaziyyat ETİ-yə həvalə edilmişdir.

F.Əliyev “Control and Optimization with Industrial Applications” Beynəlxalq konfranslar seriyasının həmtəşkilatçısıdır. Bu konfrans Azərbaycan sərhədlərini aşaraq artıq beynəlxalq status almışdır. Belə ki, COİA-2011 Bilkənt Universitetində (Türkiyə), COİA-2013 isə Sofiya Texniki Universitetində (Bolqarıstan) keçirilmişdir.

Onun rəhbərliyi ilə institut beynəlxalq əlaqələrin genişləndirilməsini də həmişə diqqət mərkəzində saxlamış, dünyanın müxtəlif ölkələrinin elm və təhsil müəssisələri ilə səmərəli əməkdaşlıq qura bilmişdir. Bu baxımdan İsveçin Calmers Texnologiyalar Universiteti, ABŞ-ın İllinois Universiteti, Ukrayna EA Mexanika İnstitutu, Rusiya EA Mexanikanın Problemləri İnstitutu, Fransanın Nant Universiteti, Avstraliyanın Ballarat Universiteti və s. göstərmək olar. İnstitut bu mötəbər təhsil ocaqları ilə birlikdə müxtəlif simpoziumlar təşkil etmişdir.

F.Əliyevin birbaşa rəhbərliyi ilə institut əməkdaşları müxtəlif beynəlxalq və yerli təşkilatlardan elmi qrantlar almış və uğurla başa çatdırmışdır. Alınmış bir sıra nəzəri və praktiki nəticələr Azərbaycan sənayesinə, xüsusən neft sənayesinin aktual problemlərinin həll olunmasına yönəldilmişdir. Bu istiqamətdə ARDNŞ ilə birgə yerinə yetirilən layihələr xüsusi qeyd olunmuşdur.

İnstitutun elmi potensialını nəzərə alaraq, AAK-nın əmri ilə onun nəzdində F.Əliyevin sədrliyi ilə Dissertasiya Şurası təşkil olunmuş və bu şurada dissertasiya müdafiələri uğurla keçirilir.

O, müxtəlif tipli optimallaşdırma və idarəetmə məsələlərinin nəzəri və ədədi həlləri üçün yeni və effektiv üsul və metodlar işləyib hazırlamışdır. Bu istiqamətdə aldığı nəticələr nüfuzlu jurnallarda çap olunmuş 150-dən çox elmi məqalədə və 15 monoqrafiyada öz əksini tapmışdır.

Onun Azərbaycan elminin inkişafı və təbliği sahəsində gördüyü işlər yüksək qiymətləndirilmişdir. F.Əliyev Azərbaycan elminin təbliğindəki xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi“ medalı ilə təltif olunmuşdur.

Görkəmli elm mücahidini 65 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, Ulu Tanrıdan ona uzun ömür, möhkəm can sağlığı, Azərbaycan elminin inkişafı yolunda yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: