Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan Bölməsində “Nəsimi ili” ilə əlaqədar silsilə tədbirlər keçiriləcək
31.01.2019 14:08
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində “Nəsimi ili” ilə əlaqədar silsilə tədbirlər keçiriləcək

AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclası bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq ölkəmizdə mədəniyyətin, ədəbiyyatın və incəsənətin inkişafında mühüm xidmətləri olmuş şəxslərin yubileylərinin keçirilməsinə göstərilən diqqət və qayğıdan danışıb. Akademik, həmçinin  2019-cu ili ölkəmizdə “Nəsimi ili” elan edilməsi və Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin sərəncamlar imzaladığını xatırladıb. Qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədri Vasif Talıbov Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illiyinin qeyd edilməsi ilə bağlı Tədbirlər Planını təsdiq edib.

Sonra sözügedən hər iki sərəncamla əlaqədar Tədbirlər Planında nəzərdə tutulmuş işlərin yerinə yetirilməsi ilə bağlı müvafiq tapşırıqlar diqqətə çatdırılıb. Akademik bölmənin elmi-tədqiqat müəssisələrinin əməkdaşlarına kütləvi informasiya vasitələrində mövzu ilə əlaqədar verilişlərin və məqalələrin hazırlanması, açıq dərslərin, dəyirmi masaların təşkil edilməsi barədə tapşırıq verib. Bundan əlavə, bu mövzularda elmi konfrans və tədbirlərin keçirilməsi qərarlaşdırılıb.

İclasda bölmənin Təbii Ehtiyatlar İnstitutunun laboratoriya rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynovun “Nanotexnologiya və nanoquruluşların öyrənilməsi” mövzusunda elmi məruzəsi dinlənilib. Məruzəçi müasir dövrdə sənayenin müxtəlif sahələrində geniş istifadə olunan fiziki və kimyəvi metodlarla alınan nanomaterialların quruluşu, tədqiqat üsulları, həmçinin nanotexnologiyada geniş istifadə edilən ənənəvi və qeyri-ənənəvi metodlar, kondensasion və disperqasion metodlara daxil olan sintez üsulları haqqında məlumat verib. Nanomaterialların quruluşunun mikroşəkilləri iştirakçıların diqqətinə çatdırılıb.

Məruzə dinlənildikdən sonra Rəyasət Heyətində müzakirə olunub. Laboratoriya rəhbərinə gələcəkdə aparılacaq tədqiqatların elmi səmərəliyini yüksəltmək üçün müvafiq tapşırıqlar verilib.

Gündəliyə çıxarılan digər məsələ bölmədə çalışan bəzi əməkdaşların Vahid Tarif Cədvəli üzrə vəzifə və dərəcələrinin artırılması ilə bağlı olub. Bölmənin Maliyyə-iqtisad və mühasibat uçotu şöbəsinin rəisi Hənifə Hənifəyev çıxış edərək 21 nəfərin vəzifə və dərəcələrinin artırıldığını bildirib.

İclasda Rəyasət Heyətinin qərarı ilə İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl həmin müəssisənin elmi katibi təyin edilib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: