Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

AMEA YT Park ilə “Azərsu” ASC arasında əməkdaşlıq əlaqələri qurulur
30.01.2019 15:31
  • A-
  • A
  • A+

AMEA YT Park ilə “Azərsu” ASC arasında əməkdaşlıq əlaqələri qurulur

AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) direktoru, i.ü.f.d. Nazim Şükürov “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədr müavini İlqar Tağıyevlə görüşüb. Əsas məqsəd YT Parkın fəaliyyət istiqamətləri və burada istehsal olunan məhsullar, eyni zamanda əməkdaşlıq perspektivlərinə dair müzakirələrin aparılması olub.

N.Şükürov görüş çərçivəsində YT Park haqqında ətraflı məlumat verərək bildirib ki, bu qurum iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə xidmət edir. Qeyd edib ki, müəssisədə müxtəlif çeşiddə yüksəkkeyfiyyətli, rəqabətqabiliyyətli sənaye və sürtkü yağları hazırlanır və bu məhsullar beynəlxalq standartlara cavab verir.

Sonra o, YT Parkın strukturu və burada həyata keçirilən layihələrlə yaxından tanışlıq məqsədilə “Azərsu” ASC-nin peşəkar mütəxəssislərdən ibarət nümayəndə heyətini rəhbərlik etiyi müəssisəyə dəvət edib.

İ.Tağıyev YT Parkın fəaliyyətini, burada görülən işləri yüksək qiymətləndirərək təmsil etdiyi qurum ilə bu müəssisə arasında innovativ layihələrin həyata keçirilməsində, təcrübə mübadiləsinin aparılmasında maraqlı olduğunu bildirib.

Görüşdə, həmçinin iki qurum arasında müvafiq sahədə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb, bir sıra təkliflər irəli sürülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: