Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan Bölməsində “Aleksandr Sergeyeviç Qriboyedov: şair-diplomat” əsərinin müzakirəsi keçirilib
30.01.2019 09:57
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində “Aleksandr Sergeyeviç Qriboyedov: şair-diplomat” əsərinin müzakirəsi keçirilib

AMEA-nın Naxçıvan Bölməsində yazıçı Reyhan Mirzəzadənin “Aleksandr Sergeyeviç Qriboyedov: şair-diplomat” əsərinin müzakirəsi keçirilib.

Tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitabların siyahısı haqqında” 28 avqust 2017-ci il tarixli sərəncamına əsasən baş tutub.

İclası bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq XIX əsr rus xalqının istedadlı şairi, görkəmli diplomat Aleksandr Qriboyedovun həyatı və yaradıcılığı haqqında məlumat verib. Qeyd edib ki, Aleksandr Qriboyedov diplomatik fəaliyyəti dövründə Şərq aləminə, eləcə də Azərbaycana dərin hörmətlə yanaşıb, 1818-ci ildə İrandakı rus diplomatik nümayəndəliyinin katibi təyin olunandan sonra ölkəmizə mütəmadi baş çəkib.

İ.Hacıyev əsərdə diplomatın 1819-cu ildə Naxçıvana gəlməsinin, yazılarında Naxçıvan, Qazançı, Culfa, Sədərək kimi şəhər və kəndlərin adlarının əksini tapdığını söyləyib. Vurğulayıb ki, Qriboyedov diplomat kimi ermənilərin Azərbaycan ərazilərinə köçürülməsinin qəti əleyhinə olub və bu fakt əsərdə oxucuya geniş təqdim edilir.

Daha sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin “Aleksandr Qriboyedovun diplomatik fəaliyyəti” və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Aleksandr Qriboyedovun bədii yaradıcılığı” mövzusunda məruzəsi dinlənilib.

Sonda məruzələrə dair suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: