www.science.az
30.01.2019 09:29

Akademik Yaqub Mahmudov tələbələrə ustad dərsi keçib

AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin tələbələrinə “Azərbaycan tarix elmi: dünən, bu gün, sabah” mövzusunda ustad dərsi keçib.

“Azərbaycanın 5 min illik dövlətçilik tarixi var və regionun ən qədim dövlətçilik tarixi bizə məxsusdur” - deyə bildirən alim Azərbaycanın imperiyalar yaradan, qonşu dövlətləri idarə edən xalq olduğunu diqqətə çatdırıb.

Y.Mahmudov Azərbaycan gəncliyinə səslənərək bildirib ki, tarixinə sahib çıxmayan xalq məhvə məhkumdur. Tarixinə sahib çıxan xalq isə yenilməzdir.

Tarixçi alim vurğulayıb ki, bu gün təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə qarşı informasiya müharibəsində fəal iştirak edən Tarix İnstitutu Prezident İlham Əliyevin çağırışları, tapşırıq və tövsiyələri ilə mükəmməl elmi araşdırmalar ortaya qoymaqla yanaşı, həm də yeniyetmələr arasında “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsini həyata keçirir.

İnstitut direktoru diqqətə çatdırıb ki, Azərbaycan xalqına sovet dönəmində saxta tarix təqdim olunub. Belə halların qarşısını almaq məqsədilə İrəvan xanlığının tarixininin və uydurma “böyük Ermənistan” nəzəriyyəsinin əleyhinə Tarix İnstitutunda kitablar çap olunub. “Qarabağ: real tarix, faktlar, sənədlər”, “Naxçıvan: tarixi və abidələri”, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” və digər kitablar müxtəlif dünya dillərinə tərcümə edilərək xarici ölkələrdə yayılıb. “Real tarix və “böyük Ermənistan” uydurması” kitabında ilk mənbələr əsasında ermənilərin Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəldikləri, mənşəcə qədim frigiyalılarla qohum etnos olduqları və Asiya qitəsinin aborigen əhalisi olmadıqları göstərilir.

Sonda Y.Mahmudov tələbələrin suallarını cavablandırıb. 

Qeyd edək ki, ustad dərsləri AMEA ilə ali təhsil müəssisələri arasında elmi əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.