Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

29.01.2019 18:56
  • A-
  • A
  • A+

AMEA ilə Diasporla İş üzrə Dövlət Komitəsi arasında anlaşma memorandumu imzalanıb

AMEA ilə Diasporla İş üzrə Dövlət Komitəsi arasında anlaşma memorandumu imzalanıb

Yanvarın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA ilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi arasında anlaşma memorandumunun imzalanma mərasimi keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə komitə ilə əməkdaşlığın diaspor fəaliyyətinin inkişafına xidmət edəcək təhsil və elmyönümlü ölkədaxili və beynəlxalq tədbirlərin təşkili, habelə müvafiq sahələr üzrə gənc alimlərin, ixtisaslaşmış gənc kadrların yetişdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov diaspora sahəsində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirilən islahatlardan, dövlətin bu sahəyə diqqət və qayğısından, eləcə də AMEA-nın institutları ilə əməkdaşlıq perspektivlərindən söz açıb.

Komitə sədri dünyanın müxtəlif ölkələrində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində diaspor təşkilatlarının fəaliyyətindən söz açaraq, rəhbərlik etdiyi qurumla AMEA arasında birgə və koordinasiyalı fəaliyyətin zəruriliyini qeyd edib. O, iki qurum arasında əməkdaşlığın bundan sonra daha sıx davam etdiriləcəyinə əminliyini bildirib.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin “Vətən uzaqda deyil. Vətən sizi gözləyir” şüarının tanıtım videosu təqdim edilib.

Sonra AMEA-nın vitse-prezidentləri, akademiklər İsa Həbibbəyliİradə Hüseynova, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev və Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov çıxış edərək memorandumun müəssisələr arasındakı əlaqələrin səmərəliliyinin artırılmasında mühüm rol oynayacağını bildiriblər.

Tədbirdə, həmçinin AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu tərəfindən hazırlanan “Azərbaycan alimləri diasporu” informasiya sisteminin də təqdimatı olub. Sistemi təqdim edən institutun şöbə müdiri Gülnarə Nəbibəyova bildirib ki, sistemin yaradılmasında əsas məqsəd xarici ölkələrdə yaşayan Azərbaycan alimləri haqqında vahid informasiya mənbəyinin yaradılması, onların əldə etdiyi elmi nailiyyətlərin ölkə və dünya ictimaiyyətində tanıdılması, həmçinin birgə əməkdaşlıq imkanlarının genişləndirilməsidir.

O, veb-saytın “Ana səhifə”, “Sistem haqqında”, “Rəsmi sənədlər”, “Statistik göstəricilər”, “Faydalı linklər” və “Əlaqə” bölmələrindən ibarət olduğunu diqqətə çatdırıb. G.Nəbibəyovanın sözlərinə görə, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 500 azərbaycanlı alim haqqında məlumatların yer aldığı sistemdə, həmçinin xaricdə fəaliyyət göstərən alimlərin elm sahələri üzrə paylanmasına və cinsi mənsubiyyətinə dair statistik göstəricilər təqdim olunub.

Məruzəçi veb-saytın mütəmadi olaraq təkmilləşdirilməsi, müvafiq dəyişikliklərin həyata keçirilməsi və buraya xaricdə yaşayıb fəaliyyət göstərən azərbaycanlı alimlər haqqında yeni məlumatların əlavə edilməsinin də nəzərdə tutulduğunu vurğulayıb.

Daha sonra tərəflər arasında anlaşma memorandumu imzalanıb.

Sənəddə diaspor sahəsinin inkişafına və müvafiq problemlərinin öyrənilməsinə elmi dəstəyin verilməsi, Diasporla İş üzrə Dövlət Komitəsinin sifarişinə əsasən, “Azərbaycan alimləri diasporu” informasiya sisteminin işlənilməsi, xaricdə yaşayan azərbaycanlı alimlərlə əlaqələrin qurulması, onlarla birgə tədbirlərin təşkili və s. məsələlər yer alır. 

Memorandumu akademik A.Əlizadə və F.Muradov imzalayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: