Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alimlərin kvant kompüterləri texnologiyasına aid patenti dövlət qeydiyyatına alınıb
29.01.2019 14:43
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlərin kvant kompüterləri texnologiyasına aid patenti dövlət qeydiyyatına alınıb

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının Fizika fakültəsinin dekanı, akademik Ənvər Nəhmədov, AMEA-nın Fizika İnstitutunun şöbə müdiri Oqtay Ələkbərov və dissertantı Səidə Məmmədovanın həmmüəllifi olduqları “Mayorana fermionları vasitəsilə birölçülü kristallarda qubit kvant informasiya daşıyıcısının yaradılması üsulu” adlı patent dövlət qeydiyyatına alınıb.

AR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydə alınan patent kvant kompüterləri texnologiyasına həsr edilib.

Son illər ABŞ fizikləri tərəfindən kvant informasiya daşıyıcısı qubitin spin-orbit təsiri güclü olan nano-ifrat keçiricilərdə maqnit sahəsinin təsiri ilə alınma prinsipləri hazırlanıb. Bu mexanizmdə ifrat keçirici fazanın çox aşağı temperaturlarda reallaşacağını və maqnit sahəsinin neqativ təsirini nəzərə alaraq, Ə.Nəhmədov və həmkarları tərəfindən qubitlərin bir və kvazi-bir ölçülü yük sıxlığı dalğası meydana çıxan yarımkeçiricilərdə keyfiyyətcə yeni bir mexanizm ilə alınması təklif olunub.

Payerls dayanıqsızlığı prinsipi ilə yük sıxlığı dalğası alınan bərk cisim halı bir çox yarımkeçiricilərdə, hətta otaq temperaturunda belə meydana çıxır və bərk cismin bu fazası maqnit sahəsinə qarşı daha az duyarlıdır. Bütün bu üstünlüklərinə görə, kvant informasiya daşıyıcısı qubitin təklif olunan mexanizmlə əldə edilməsi daha əlverişlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: