www.science.az
29.01.2019 09:55

AMEA-nın Yüksək Texnologiyalar Parkı ilə “Aqrolizinq” ASC arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) idarə heyətinin sədr müavini Mehman İsmayılovla görüşüb.

Görüşdə YT Parkın rezidentlərinin istehsal etdiyi elmtutumlu, rəqabətqabiliyyətli və innovativ məhsulların, sənaye mineral və sürtkü yağlarının dövlət müəssisələrində satınalınması ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin iki qurum arasında müvafiq sahədə əməkdaşlıq perspektivləri müzakirə olunub, birgə layihələrin həyata keçirilməsi və kənd təsərrüfatında yeni texnologiyaların tətbiqinə dair təkliflər irəli sürülüb.

Bildirilib ki, “Aqrolizinq” ASC kənd təsərrüfatı məhsulları istehsalçılarının maddi-texniki bazasının yaradılmasını, sahibkarların lizinq qaydası ilə texnika, texnoloji avadanlıq və s. ilə təmin edilməsini həyata keçirir. Onun xətti ilə gətirilən mineral gübrələr və pestisidlər hesabına kənd təsərrüfatı istehsalçılarının təminatı təkmilləşib, aqrotexniki xidmətin dairəsi genişlənib.

Qeyd edək ki, YT Park elmi-tədqiqat işlərinə investisiyaların cəlb olunması, bu istiqamətdə sərmayə yatıran özəl sektora müəyyən güzəştlərin edilməsi və əlverişli mühitin yaradılması yolu ilə strateji hədəflərə nail olmağı nəzərdə tutur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.