Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Eşq haqqında düşüncələrin müqayisəsinə həsr olunan yeni nəşr
28.01.2019 15:02
  • A-
  • A
  • A+

Eşq haqqında düşüncələrin müqayisəsinə həsr olunan yeni nəşr

Fəlsəfə İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin “Eşqin hikməti (Rabiə əl-Ədəviyyə və Edith Stein)” kitabı çapdan çıxıb.

Kitab TUBİTAK-ın “Fəlsəfədə ilahi və bəşəri eşq” Rabiə əl-Ədəviyyə (VIII əsr) və Edith Stein (XX əsr) mövzusu üzrə İstanbul 29 Mayıs Universitetində həyata keçirdiyi layihə əsasında nəşr edilib.

Monoqrafiyada eşqin hikməti üç istiqamət üzrə araşdırılır. Əvvəlcə eşqin ilahi və bəşəri səviyyələri təhlil edilir. Burada əsas diqqət ilahi eşqlə bəşəri eşqin kəsişmə məqamına – insanın yaradıcılıq mənbəyinə və kamillik prosesinin təkanverici qüvvəsinə ayrılır.

İkinci istiqamət filosof qadınların tarixini və dünyagörüşünü ehtiva edir. Miflərdən başlayaraq səmavi dinlərdən keçən və XX əsrə qədər davam edən qısa ekskursda qadın və kişi təfəkkürlərinin bir-birini tamamlaması və bir-biri üçün vacib olması faktı əsaslandırılır.

Tədqiqatın üçüncü istiqaməti müxtəlif dövrlərdə yaşayıb yaratmış və fərqli dinlərə mənsub olan Rabiə əl-Ədəviyyənin (VIII əsr) və Edith Steinin (XX əsr) eşq haqqında düşüncələrinin müqayisəsinə həsr edilib. Əsərdə eşq haqqında olan Xristianlıq və İslamın prinsipləri, həm Şərq və Qərb düşüncələri, həm də orta əsrlərə və müasir dövrə aid fəlsəfi mövqelər qarşılaşdırılır.

Kitab ilahi və bəşəri eşq, eyni zamanda fəlsəfə tarixinin iki tanınmış filosofu – Rabiə əl-Ədəviyyə və Edith Stein haqqında məlumat almaq, həmçinin fəlsəfə tarixinin kölgədə qalmış filosof qadınlarının tarixi ilə maraqlanmaq istəyənlər üçün nəzərdə tutulub.

Nəşrin elmi redaktoru və “Ön söz”ün müəllifi Vatikanın Pontifik Lateran Universitetinin professoru Françesko Alfieri, redaktoru isə fil.ü.f.d. Şəhla Məcidovadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: