Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

"Yer kürəsinin torpaq zonaları və mühitinin qorunması problemləri" mövzusunda "İnteraktiv açıq dərs" keçirilib
25.01.2019 14:00
  • A-
  • A
  • A+

"Yer kürəsinin torpaq zonaları və mühitinin qorunması problemləri" mövzusunda "İnteraktiv açıq dərs" keçirilib

AMEA-nın Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Yer kürəsinin torpaq zonaları və mühitinin qorunması problemləri" mövzusunda "İnteraktiv açıq dərs" keçirilib.

Muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdlərinin iştirak etdiyi dərsdə bölmənin Bioresurslar İnstitutunun Tоrpaq ehtiyatları labоratоriyasının rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Sahib Hacıyev məruzə ilə çıxış edib. Alim məruzəsində Yer kürəsində, o cümlədən ölkəmizdə torpaqların coğrafi yayılması qanunauyğunluqları, münbitliyini azaldan deqradasiya prosesləri və onların aradan qaldırılması yollarından danışıb. Qeyd edib ki, müasir dövrdə ekoloji tarazlığı qorumaq, bitkilərdən yüksək və keyfiyyətli məhsul almaq üçün torpaqlardan maksimum dərəcədə səmərəli istifadə olunmalıdır.

Torpaq, torpaq qurşaqları, vilayətləri və zonaları, habelə torpaqların münbitliyini pozan proseslərə aid məlumatları şagirdlərin diqqətinə çatdıran alim bildirib ki, son dövrlərdə dünyada baş verən səhralaşma-torpaq deqradasiya prosesləri ölkəmizin, o cümlədən muxtar respublikanın torpaq mühitinə də öz təsirini kəskin göstərib.

Dərs prosesində torpaq münbitliyinə təsir göstərən təbii və antropogen amillərin dünya miqyasında, ölkəmizdə və eyni zamanda muxtar respublikada törətdiyi fəsadlar müqayisəli şəkildə izah edilib.

S.Hacıyev qeyd edib ki, insanın əlverişli ətraf mühitə olan hüququnun təmin edilməsində BMT və onun müxtəlif qurumlarının böyük rolu var. Ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərdən də bəhs edən Sahib Hacıyev vurğulayıb ki, ekologiya ilə bağlı ümumilikdə 29 qanun və 4 Dövlət Proqramı qəbul olunub.

Alim, həmçinin ölkə başçısı tərəfindən 2010-cu ilin respublikamızda “Ekologiya ili” elan olunduğunu xatırladıb.

Qeyd edək ki, açıq dərs muxtar respublikanın 200-dən artıq ümumtəhsil müəssisəsində izlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: