www.science.az
24.01.2019 15:38

“AzScienceNet” şəbəkəsinin informasiya təhlükəsizliyi gücləndiriləcək

AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilən iclasda “AzScienceNet” şəbəkəsinin informasiya təhlükəsizliyinin və etibarlılığının gücləndirilməsinə dair 2019-cu il üzrə fəaliyyət planı müzakirə olunub.

Planı təqdim edən institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov cari ildə görüləcək işləri diqqətə çatdırıb. Bildirib ki, “AzScienceNet” şəbəkəsinin informasiya təhlükəsizliyi və etibarlılıq səviyyəsinin gücləndirilməsi üçün avadanlığın alınması, eləcə də şəbəkənin kiber-təhlükəsizlik səviyyəsinin qiymətləndirilməsi üçün audit təşkilatının dəvət olunması və s. məsələlər nəzərdə tutulur.

“AzScienceNet” şəbəkəsinin idarə edilməsinin təmini istiqamətində görüləcək tədbirlərdən danışan alim bu məqsədlə təhlükəsizlik siyasətinin yaradılmasının və standartlara uyğunlaşdırılmasının nəzərdə tutulduğunu vurğulayıb.

İnstitutun direktor müavininin sözlərinə görə, GEANT Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində “AzScienceCert” xidmətinin qurulması və peşəkar kadr sayının artırılması, mərkəzləşdirilmiş “TrendMicro” antivirus sisteminin alınması və “AzStateNet” (Azerbaijan State Network) şəbəkəsinə qoşulma işlərinin aparılması məqsədilə əlaqəli dövlət qurumları ilə iş fəaliyyətinin təşkili, enerji etibarlılığının və veb-resursların təhlükəsizlik səviyyəsinin yüksəldilməsi üçün tədbirlər görüləcək.

Sonra plana dair müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.