Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanlı alimin həmmüəllifi olduğu monoqrafiya Rusiyada çapdan çıxıb
23.01.2019 16:40
  • A-
  • A
  • A+

Azərbaycanlı alimin həmmüəllifi olduğu monoqrafiya Rusiyada çapdan çıxıb

Bakı Dövlət Universitetinin professoru İsmayıl Əliyev, Rusiya Elmlər Akademiyası (REA) Sibir bölməsinin A.Favorski adına İrkutsk Kimya İnstitutunun əməkdaşları akademik Boris TrofimovLyudmila Oparinanın həmmüəllifi olduqları “Aromatik tiollar və onların törəmələri” monoqrafiyası N.Zelinski adına Üzvü Kimya İnstitutunun direktoru, REA-nın Kimya və Materialşünaslıq Bölməsinin akademik-katibi, akademik Mixail Yeqorovun redaktorluğu ilə çapdan çıxıb.

Monoqrafiyanın rəyçiləri REA-nın Ural bölməsinin Üzvü Sintez İnstitutunun keçmiş direktoru, laboratoriya müdiri, Ural Dövlət Texniki Universitetinin Üzvü kimya kafedrasının müdiri, akademik O.Çupaxin, professorlar N.Qusarova və C.Amosovadır.

İ.Əliyevin həmmüəllifi olduğu kitabda onun 50 il ərzində aromatik tiollar və onun törəmələri sahəsində apardığı fundamental elmi-tədqiqat işlərinin bir hissəsi öz əksini tapıb.

Yeni nəşr aromatik tiolların və onların yaxın törəmələrinin - sulfidlərin, sulfoksidlərin, sulfonların, o cümlədən müxtəlif funksional qruplu törəmələrinin - asil, tioasil, alkoksid, mürəkkəb efir, hidroksil, həmçinin halogenli birləşmələrinin kimya və fiziki-kimyasının aktual aspektlərinə həsr olunub. Kitabda müqayisə üçün oksigen və selen törəmələri də sintez edilib.

Monoqrafiyada əsas diqqət sintez üsullara - ənənəvi klassik, həmçinin yeni, əsasən keçid metalların katalizator kimi tətbiq edilməklə yeni birləşmələrin sintezinə və alınmış maddələrin reaksiyayagirmə qabiliyyətlərinin tədqiqinə yönəlib. Hər fəslin sonunda aromatik tiolların və onların törəmələrinin əhəmiyyətli nümayəndələrinin sintezi reaksiyalarının nümunələri göstərilib. Nəşrdə müxtəlif valentli kükürd atomlarının qonşu aromatik fraqmentlərlə necə qoşulmasının müzakirəsi də yer alıb. 

Xüsusi fəsildə aromatik tiollar və onların törəmələrinin əsas praktik tətbiq üsullarına, o cümlədən dərman, yüksək texnoloji materiallar, üzvü sintezlərdə ilkin maddələr, analitik reagentlər, yağ və yanacaqlara aşqarlar və s. sahələrdə istifadə üsullarına baxılıb.

Monoqrafiya kimyaçı sintetiklər, fiziki kimyaçılar, polimer kimyası və farmokologiya sahəsində çalışan kimyaçılar üçün nəzərdə tutulub. Kitab, həmçinin mühəndis və texnoloqlar, kükürdün utilizasiyası ilə məşğul olanlar, müəllimlər, doktorantlar, magistrantlar və tələbələr üçün faydalı ola bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: