www.science.az
23.01.2019 12:01

AMEA-nın vitse-prezidenti İsraildə işgüzar görüşlərdə iştirak edib

İsraildə işgüzar səfərdə olan AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev Azrieli Akademik Mühəndislik Kollecində təşkil olunan tədbirdə iştirak edib.

Akademik İ.Quliyev respublikamızın bir sıra dövlət qurumlarını təmsil edən nümayəndə heyəti ilə birgə Azrieli Akademik Mühəndislik Kollecinin prezidenti, professor Roza Azhari, həmçinin kollecin professor-müəllim heyəti ilə görüşüb. Görüşdə elm və təhsil sahəsində ikitərəfli münasibətlərin perspektivləri müzakirə olunub.

Daha sonra nümayəndə heyəti İsrailin İqtisadiyyat Nazirliyində “Fövqəladə hallarda iqtisadi resursların idarə edilməsi” mövzusunda təşkil olunan tədbirdə iştirak edib, “Flying carpet” və “Monatours” şirkətlərinin nümayəndələri ilə görüşüb.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı, universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin icraçı direktoru, dosent Vazeh Əskərov, Vergilər Nazirliyinin aparat rəhbəri Nazim Səmədov, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktorunun müavini Fərid Əhmədov, İqtisadiyyat Nazirliyinin Səfərbərlik hazırlığı şöbəsinin müdiri Bəhruz Məmmədov, Sumqayıt Kimya Sənaye Parkının direktor müavini Fuad Pənahov və digərləri iştirak edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.