www.science.az
17.01.2019 10:19

Zəngilan Rayon İcra Hakimiyyətində “Azərbaycan dilinin Qarabağ dialektoloji atlası”nın hazırlanması ilə bağlı görüş keçirilib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin dialektologiyası şöbəsinin əməkdaşları Zəngilan Rayon İcra Hakimiyyətini ziyarət ediblər.

Məqsəd ölkə başçısının 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın 6.3.5. bəndinin (Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi) həyata keçirilməsi olub.

İcra hakimiyyətinin başçısı Ramiz Həsənov qonaqlarla görüş zamanı Zəngilanın tarixi, yaşayış məskənləri və etnoqrafiyası barədə geniş məlumat verib.

Azərbaycan dilinin dialektologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Kifayət İmamquliyeva isə sərəncama əsasən, Azərbaycan, rus və ingilis dillərində “Azərbaycan dilinin Qarabağ dialektoloji atlası”nın hazırlandığını söyləyib. Bildirib ki, atlas dialekt faktlarını təkcə fonetik deyil, eyni zamanda leksik və qrammatik baxımdan da əks etdirəcək: “Atlasın hazırlanması dünyaya sübut edəcək ki, bu ərazidə yaşayan azərbaycanlılar öz dialektini yaradıb və inkişaf etdiriblər”. 

Daha sonra dilçi alimlər Zəngilan rayonundan olan məcburi köçkünlərdən dialektoloji materiallar toplayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.