Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

16.01.2019 10:59
  • A-
  • A
  • A+

Görkəmli arxeoloq alim Qara Əhmədovun 90 illik yubileyi qeyd olunub

Görkəmli arxeoloq alim Qara Əhmədovun 90 illik yubileyi qeyd olunub

Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkilatçılığı ilə görkəmli arxeoloq alim, AMEA-nın müxbir üzvü Qara Əhmədovun 90 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Ədəbiyyat İnstitutunun Elektron akt zalında baş tutan yığıncaqda əvvəlcə alimin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova açaraq alimin Azərbaycanın orta əsrlər dövrü maddi mədəniyyət abidələri üzrə mühüm araşdırmalar apardığını söyləyib. Qeyd edib ki, arxeologiya sahəsində tarix elmləri doktoru adını almış ilk azərbaycanlı alim olan Q.Əhmədovun tədqiqatları Azərbaycanın və regionun həmin dövrü barədə geniş məlumatları ortaya çıxarıb.

N.Axundova alimin Azərbaycanda arxeologiya və etnoqrafiya sahələrinin inkişafında, eləcə də həmin istiqamətlərdə elmi müəssisələrin yaradılmasında önəmli işlər gördüyünü vurğulayıb.

Sonra Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova çıxış edərək Q.Əhmədovun həyat yolundan və elmi yaradıcılığından söz açıb. Bildirib ki, alim həyatının böyük bir hissəsini Beyləqanın və Qəbələnin orta əsr dövrünün arxeoloji tədqiqatlarına həsr edib. O, tədqiqatçı alimin elmi nəticələrinin 6 monoqrafiya və 100-dən çox məqalədə əksini tapdığını diqqətə çatdırıb. Həmçinin onun rəhbərliyi altında 7 fəlsəfə, 3 elmlər doktorunun hazır­lan­dığını söyləyib.

M.Rəhimova, o cümlədən Q.Əhmədovun elmi məqalələr toplusunun tezliklə nəşr ediləcəyini bildirib.

Tədbirdə, həmçinin Milli Azərbaycan Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, akademik Teymur Bünyadov, Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdirləri, tarix üzrə elmlər doktorları - Hidayət Cəfərov, Əsədulla Cəfərov, Abbas Seyidov, Mikayil Mustafayev, həmin müəssisənin baş elmi işçisi, tarix üzrə elmlər doktoru Qafar Cəbiyev, Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Cəbi Bəhramov və digərləri çıxış edərək Q.Əhmədovun ölkəmizin və Cənubi Qafqazın orta əsr şəhər mədəniyyəti genezisi problemini fundamental şəkildə tədqiq edən ilk alim olduğunu bildirib, onunla bağlı xatirələrini bölüşüblər.

İclasda, həmçinin Qəbələ şəhərindəki küçələrdən birinə Q.Əhmədovun adının verilməsi barədə məsələnin qaldırılması təklif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: