www.science.az
05.06.2014 00:00

Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr edilmiş sərgi təşkil edilib

AMEA-nın Əsas binasında Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr edilmiş “Beynəlxalq münasibətlərdə Naxçıvan və müasir dövrdə inkişaf prosesləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Bu münasibətlə AMEA Mərkəzi Elmi Kitabxanası sərgi təşkil edib. Sərginin ayrı-ayrı bölmələrində Naxçıvanın tarixi, ədəbiyyatı, iqtisadiyyatı, mədəniyyəti, elmi, maarifi və digər sahələrini əks etdirən 1200-dən çox Azərbaycan və xarici dillərdə ədəbiyyat nümayiş etdirilib.

“Azərbaycan elminin inkişafında Naxçıvan” adlı bölmədə muxtar respublikada yaşayıb yaradan alimlərin əsərləri konfrans iştirakçılarına təqdim olunub. Həmçinin Naxçıvana dair ədəbiyyatların virtual görüntüləri, fotoşəkillər və sənədli film nümayiş etdirilib.

Konfransda iştirak edən AMEA prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Teymur Kərimli, Ərzrum Universiteti Tarix Bölümünün müdiri, professor Yavuz Aslan, rusiyalı professor Yuri Kuznetsov, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəsi Bəxtiyar Əsgərov və digər qonaqlar sərgi ilə yaxından tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.