www.science.az
27.12.2018 12:29

ABŞ-ın elmi jurnalında Azərbaycanın neolit və tunc dövrü haqqında məqalə dərc edilib

ABŞ-ın Fiziki Antropologiya Assosiasiyasına məxsus “American Journal of Physical Anthropology" yüksək impakt faktorlu elmi jurnalının builki dekabr buraxılışında 2007-2015-ci illərdə Azərbaycanın Tovuz bölgəsində neolit və tunc dövrlərinə aid arxeoloji abidələrdə aparılmış multidissiplinar tədqiqatların bir sahəsinin nəticələrinə həsr olunmuş “Stabil izotop analizlərin köməyi ilə Cənubi Qafqazda (e.ə. VI-I minilliklər, Azərbaycan) neolit və tunc dövrü insanlarının qida rasionu barədə nəticələr: ətraf mühitə uyğunlaşmaya və icmanın sosial formalaşması proseslərinə təsiri” adlı məqalə dərc edilib.

Məqalənin müəlliflərindən biri olan, Tovuz bölgəsinin neolit dövrünə aid (Orta Kür hövzəsi abidələri) arxeoloji komplekslərində son illərdə aparılmış arxeoloji tədqiqatların rəhbəri, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev bildirib ki, ilk dəfə olaraq Azərbaycanın qəbir abidələrindən aşkar edilmiş insan skeletləri və qədim yaşayış yerlərindən tapılan heyvan sümükləri (45 skelet) üzərində Fransa və Almaniyanın mütəxəssisləri ilə birlikdə stabil izotop analizlərin aparılması həmin ölkələrin laboratoriyalarında həyata keçirilib. Stabil izotop analizlər qədim insanların, əhliləşmiş və yabanı heyvanların qida rasionunu, həmçinin birbaşa və ya təkrarlanan dövrü miqrasiya məkanlarını və istiqamətlərini dəqiqliklə müəyyənləşdirməyə imkan verir.

Məqalədə göstərilir ki, son illər Azərbaycanın müxtəlif bölgələrində, e.ə. VI minilliyə aid olan Tovuzda Göytəpə, Menteş, Hacıələmxanlı və Ağcabədi rayonunda Kamiltəpə qədim yaşayış yerlərində əsaslı multidissiplinar tədqiqatlar aparılıb. Məqsəd Azərbaycanın zəngin arxeoloji irsi fonunda Cənubi Qafqazda erkən neolit kəndlərinin yaranması və dinamik inkişafı proseslərinin əsas mahiyyətinə aydınlıq gətirməkdir. Kompleks araşdırmalar bir sıra elm sahələrinin arxeoloji tədqiqatlarda tətbiqi vasitəsilə baş tutduğundan, bölgə haqqında dürüst və dolğun informasiyaların əldə edilməsinə xidmət göstərib. Bu baxımdan “American Journal of Physical Anthropology” elmi jurnalındakı məqalədə fiziki antropologiya elm sahəsinin (laborator analizlərin müəyyən vaxt aparmasına baxmayaraq) Tovuz bölgəsində aparılmış tədqiqatlarda yer alması, erkən qədim cəmiyyətlərin ətraf mühitə adaptasiyası və qida rasionunun əhalinin təsərrüfatı ilə sıx bağlılığı məsələləri öz əksini tapıb.

Məqalədə qeyd olunur ki, Tovuzda yerləşən Menteş qədim yaşayış yeri Qafqaz bölgəsində öz unikallığı ilə seçilir. Qədim yaşayış yerində e.ə. VI minillikdən başlayaraq, tunc dövrünədək bir-birini əvəz edən yaşayışın davamlı olması və bunu sübut edən dəfn adətlərini özündə əks etdirən qəbir abidələrin müxtəlifliyi, Kür çayı hövzəsində yaşamış qədim tayfaların erkən oturaq həyat tərzini və maldarlığın inkişafı ilə mobil fəaliyyətin izlənilməsi baxımından əsaslı araşdırılmasını mümkün edib. Nəticədə fiziki antropoloji tədqiqatlar əsasında insan qalıqları üzərində aparılmış analizlər vasitəsilə Kür hövzəsi əhalisinin bioloji markerləri müəyyən edilməklə qida rasionunun təkamülü xarakterizə edilib. Tədqiqatlara (stabil izotopların analizlərinə) abidədən tapılmış 32 əhliləşdirilmiş və vəhşi heyvan sümüklərinin, qəbirlərdən aşkar olunmuş 40 insan skeletinin qalıqları və 42 yanmış toxumlar cəlb olunub.

Elmi məqalədə, neolit dövründə Azərbaycan ərazisi əhalisinin taxıl, mərcimək və şirin su hövzələrinin balıqlarından geniş istifadə etməsi, tunc dövründə isə ət məhsulları proteinlərinin çoxalması analizlərin nəticələrində aydın göstərilir. Bundan əlavə, neolit və tunc dövrlərində insanların ölüm səbəblərinin qida rasionu ilə əlaqəli olmadığı müəyyən edilib.

Məqalənin digər həmmüəllifləri - Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) əməkdaşı, uzun illərdir holosen əhalisinin qidaları və sağlamlığı mövzusu üzərində çalışan doktor Estel Herşe, Fransanın Milli Preventiv Arxeologiya İnstitutundan antropoloqlar Moduen Polmark, Laura Peker və Elsa Covne olublar. Həmçinin dünya elmi ictimaiyyətində tanınan Almaniya Arxeologiya İnstitutunun əməkdaşı paleozooloq, doktor Norbert Benek və Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin mütəxəssisi doktor Bertil Lyone Tovuz bölgəsində azərbaycanlı həmkarları ilə uzun müddət arxeoloji tədqiqatlar aparıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.