Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

26.12.2018 16:50
  • A-
  • A
  • A+

AMEA-da Aşıq Cəlilin anadan olmasının 150 illiyi qeyd edilib

AMEA-da Aşıq Cəlilin anadan olmasının 150 illiyi qeyd edilib

AMEA-nın Folklor İnstitutu, Azərbaycan Aşıqlar Birliyi və “Dərələyəz” vətənpərvərliyin təbliği ictimai birliyinin təşkilatçılığı ilə Aşıq Cəlilin anadan olmasının 150 illiyinə həsr edilən “Dərələyəzli ustad Aşıq Cəlil” mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbiri Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov açaraq “Cəlili” aşıq havası ilə öz adını Azərbaycan aşıq sənətinin tarixinə əbədi yazmış Aşıq Cəlilin həyat və yaradıcılığı haqqında danışıb. Bildirib ki, XIX əsrin sonu XX əsrin əvvəllərində yaşamış aşığın yaradıcılığı uzun müddət tədqiqatlardan kənarda qalıb və yalnız son 30 ildə onun barəsində müəyyən araşdırmalar aparılıb. Akademik Qərbi Azərbaycanın Dərələyəz mahalında doğulmuş Cəlilin erməni soyqırımları nəticəsində 1918-ci ildə Naxçıvana köç etdiyini və burada aşıq yaradıcılığının inkişafında mühüm xidmətləri olduğunu deyib.

M.İmanov Aşıq Cəlil haqqında məlumatların əsasən, xatirələr, rəvayətlər, şeirlər və aşıq havalarından öyrənildiyini, onun şeir yaradıcılığının az bir hissəsinin bu günə qədər gəlib çatdığını söyləyib. Qeyd edib ki, özünəməxsus musiqi yaradıcılığı ilə seçilən aşığın yalnız 12 saz havası tədqiqatçılar tərəfindən müəyyənləşdirilə bilinib.

M.İmanov aşığın Naxçıvandakı qəbrinin abadlaşdırılması ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclsinin sədri Vasif Talıbova müraciət olunacağını söyləyib.

O, həmçinin Azərbaycanın tarixi torpaqları olan İrəvan, Zəngəzur və Göyçə mahalında mövcud olmuş maddi-mədəniyyət nümunələrinin toplanaraq yaşadılması və gələcək nəsillərə ötürülməsinin zəruriliyini diqqətə çatdırıb.

Sonra Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı və “Dərələyəz” vətənpərvərliyin təbliği ictimai birliyinin sədr müavini Sevindik Hüseynov çıxış edərək Aşıq Cəlilin yaradıcılığının xarakterik xüsusiyyətlərindən danışıblar.

Tədbirdə, o cümlədən Folklor İnstitutunun şöbə müdiri Əli Şamilin "Cəlili" aşıq havaları haqqında", fil.ü.f.d., dosent Əziz Ələkbərlinin "Şahablı Aşıq Cəlil və Sallılı Aşıq Cəlil: oxşar adlar, oxşar talelər", fil.ü.f.d. Alı Səfolunun "Dərələyəz aşıq mühiti və Aşıq Cəlil", kim.ü.f.d. Nazir Əhmədlinin "Dərələyəzli Aşıq Cəlilin soykökü", Kamil Dərələyəzlinin "Aşıq Cəlil yaradıcılığı" və Qulu Kəngərlinin "Dərələyəzli Aşıq Cəlil: bildiyimiz və bilmədiyimiz həqiqətlər" mövzusunda məruzələri dinlənilib.

Konfrans çərçivəsində Azərbaycan Aşıqlar Birliyinin sədrinin müavini, filologiya üzrə fəlsəfə doktoru Aşıq Altay "Cəlili" havalarını ifa edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: