www.science.az
01.08.2014 00:00

AMEA Dendrologiya İnstitutunun əməkdaşları Şamaxı rayonuna ekspedisiya təşkil ediblər

22-28 iyul 2014-cü il tarixlərdə AMEA Dendrologiya İnstitutunun İşçi qrupu tərəfindən “Azərbaycan dendroflorası” kitabının III-IV cildlərinin hazırlanması məqsədilə Şamaxı və İsmayıllı rayonlarına ekspedisiya təşkil olunub. Həmin ərazilərdə təbii və mədəni dendrofloranın hərtərəfli monitorinqi aparılıb, 1960-2014-cü illər ərzində dendrofloradakı dəyişikliklər müqayisəli təhlil edilib. Şahdağ Milli Parkı və İsmayıllıda meşə ərazisindəki ağac və kol bitkiləri araşdırılaraq toxum və herbari materialları götürülüb. Bu ərazidə qaraçöhrə, murdarça, ölməz kol, adi birgöz, gərməşöv, yemişan, quşarmudu, söyüd, çökə, fıstıq, ağcaqayın, moruq, itburnu, ardıc, tozağacı və s. cinslərə aid bir çox növlərin təbii yayılma arealları təhlil edilib və üstünlük təşkil edən növlər araşdırılıb.

Eyni zamanda 90 növə qədər bitkidən 670 ədəd herbari nüxsəsi toplanaraq bəzi növlərin yetişmiş toxumları yığılıb.

Həmçinin ekspedisya zamanı toplanmış materiallar “Herbari və toxumçuluq” laboratoriyasının fonduna əlavə edilib.

Qeyd edək ki, institutun əməkdaşları N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında aparılan elmi-təqdiqat işləri ilə də yaxından tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.