Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.12.2018 14:47
  • A-
  • A
  • A+

Yer Elmləri Bölməsinin iclasında Neft və Qaz İnstitutunun hesabatı dinlənilib

Yer Elmləri Bölməsinin iclasında Neft və Qaz İnstitutunun hesabatı dinlənilib

Dekabrın 26-da AMEA Yer Elmləri Bölməsinin növbəti iclası keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, Neft və Qaz İnstitutunun direktoru, akademik İbrahim Quliyev, bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov, müvafiq elmi müəssisələrin direktorları və aidiyyəti üzrə əməkdaşlar iştirak ediblər.

İclası giriş sözü ilə açan akademik Fəxrəddin Qədirov gündəlikdə yer alan məsələlər barədə məlumat verib.

Sonra Neft və Qaz İnstitutunun elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru, professor Vaqif Qurbanov müəssisənin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan hesabatla çıxış edib. Natiq bildirib ki, cari ildə institutun əməkdaşları tərəfindən "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı" üzrə tədbirlər planı, həmçinin AMEA rəhbərinin sərancamları, Rəyasət Heyətinin qərarları çərçivəsində işlər həyata keçirilib.

V.Qurbanov hesabat ilində tədqiqatların elmi-tematik plana uyğun olaraq altı mövzunu və doqquz işi əhatə etməklə, üç problem üzrə aparıldığını deyib. Bir yeni elmi-tədqiqat işinin proqramının Elmi şuranın iclasında təsdiq edildiyini söyləyən direktor müavini altı işin davam etdirildiyini, ikisinin isə başa çatdırıldığını diqqətə çatdırıb. İnstitutda təsərrüfat müqavilələri əsasında görülən işlərdən danışan məruzəçi bildirib ki, hesabat ilində SOCAR, "Salyan Oil Ltd" və BP Azərbaycan şirkətlərinin sifarişi ilə bir sıra iş görülüb.

Alim elmi müəssisənin beynəlxalq əlaqələri barədə də məlumat verərək, bir sıra xarici elmi qurumlarla – Oslo Universitetinin Yerin təkamülü və dinamikası mərkəzi və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Geologiya fakültəsi ilə üçtərəfli, eləcə də Almaniyanın GEOMAR Helmholtz Okean Tədqiqatları Mərkəzi ilə anlaşma memorandumlarının imzalandığını diqqətə çatdırıb.

V.Qurbanov bildirib ki, 2018-ci ildə institutda, biri beynəlxalq olmaqla 15 qrant layihəsi çərçivəsində tədqiqatlar aparılıb. Hesabat ilində müəssisənin əməkdaşları tərəfindən təqdim edilmiş 11 qrant layihəsi yerli və beynəlxalq fondlardan dəstək alıb, o cümlədən ilin sonunda altı qrant layihəsi başa çatdırılıb.

Hesabat ilində institut əməkdaşlarının 95 elmi əsəri, 4 kitabı, 1 metodiki göstərici, 46 məqalə və 44 konfrans məruzəsinin tezisi dərc edilib. O cümlədən xaricdə 27 elmi məqalə və 12 tezis işıq üzü görüb ki, bunlardan doqquz məqalə Clarivate Analytics və SCOPUS bazalarında indeksləşən jurnallarda çap olunub.

Kadr hazırlığından danışan natiq vurğulayıb ki, cari ildə magistratura pilləsinə dövlət sifarişi əsasında dörd ixtisas və altı ixtisaslaşma üzrə altı nəfər qəbul olunub. Fəlsəfə və elmlər doktoru hazırlığı istiqamətində doktorantura və dissertanturaya dörd ixtisas əsasında 11 yer üzrə qəbul keçirilib.

Alim, həmçinin institutda keçirilən respublika və beynəlxalq səviyyəli tədbirlər, elmi dərəcə və elmi adların alınması, elmi müəssisənin strukturu, çöl tədqiqat işləri, əməkdaşların təcrübə keçmələri, təltiflər, mükafatlar və digər məsələlər haqqında məlumat verib.

Hesabat dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb, müvafiq qərar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: