www.science.az
25.12.2018 15:50

“Cavidşünaslıq” araşdırmalar toplusu 10 cilddə nəşr olunub

AMEA Hüseyn Cavidin Ev Muzeyi tərəfindən “Azərbaycan və Türk xalqlarının ədəbiyyatı və incəsənətinin tarixi inkişaf dinamikası və multikultural proseslərin perspektivləri” adlı layihə çərçivəsində “Cavidşünaslıq” araşdırmalar toplusunun 10 cildi çapdan çıxıb.

Çoxcildliyin ideya müəllifi AMEA-nın prezidenti, akademik Akif Əlizadə, elmi məsləhətçisi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, layihə rəhbəri Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, tərtibçi-müəllifi isə muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlıdır.

Oncildlik nəşr böyük şair və dramaturq Hüseyn Cavid haqqında yazılmış 82 illik bir dövrü, 1912-1994-cü illəri əks etdirir və ədib haqqında dolğun tarixi-xronoloji məlumat almağa, onun ədəbi-bədii və fəlsəfi-estetik düşüncə tariximizdəki yerini müəyyənləşdirməyə imkan yaradır.

Toplunun cildlərinə daxil edilmiş 1912-1994-cü illərdə yazılan məqalələrin böyük bir qismi Hüseyn Cavidin əsərlərinin tamaşalarına olan təhlil və tənqidlərdən,  qadağa dövründən sonrakı 5 ildən başlayaraq 1970-ci ilin sonuna qədər yazılmış məqalələrdən, M.Hüseyn, R.Rza, M.Cəfər, Ə.Ağayev, C.Xəndan, A.Zamanov, M.Əlioğlu kimi dövrün tanınmış ədəbiyyatşünas və tənqidçilərin yazılarından,  1971-ci ildən 1983-cü ilin sonunadək olan dövrü əsasən ümummilli lider Heydər Əliyevin Hüseyn Cavid konsepsiyasından, 1982-1983-cü illərdə Hüseyn Cavidin yaradıcılığı, döv­rü, ədəbi mü­­­­hiti və şəxsiyyəti, teatrı haqqında yazılmış oçerk və məqalələr, xati­rə və rəy­lərdən ibarətdir.

Topluda, həmçinin Qulam Məmmədli, Məm­məd Cəfər Cəfərov, Abbas Zamanov, Yaşar Qarayev, Bəkir Nəbiyev, Bəxtiyar Va­habzadə, Turan Cavidin mə­qa­lələri, 1983-84-cü illərdə “Sovet Azər­bay­ca­nı” jurnalında, “Ba­kı”, “Azərbaycan gəncləri”, “Ədəbiyyat və in­cə­sənət”, “Sovet Naxçıvanı”, “Ба­­кин­ский рабочий”, “Вышка”, “Со­ветская культура” kimi qəzetlərdə Hü­seyn Ca­vid və onun geniş ədə­bi-bədii fəaliyyətinin tədqiqinə həsr olunmuş ma­te­ri­al­lar, 1984-cü ildə Əziz Şərif, Qulam Məm­mədli, Əkrəm Cəfər, Qulu Xəlilov, Abbas Zamanov, Bəxtiyar Vahabzadə, Rəfiq Zəka Xən­dan kimi görkəmli tədqiqatçıların araş­dırmaları, 1984-1988-ci illərdə Hüseyn Cavidin ədəbi mü­­­­hiti və şəxsiyyəti, yaradıcılığı, əsərlərinin səhnə həyatı haqqında yazılmış oçerk və mə­qalələr yer alıb.

10 cildlik “Cavidşünaslıq” toplusu ədəbiyyatşünaslıq sahəsində dəyərli mənbə, tarixi-mədəni və elmi irsdir.

Çoxcildliyin daha 20 cildinin də çap edilməsi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.