Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan və İslam fəlsəfəsinə həsr olunan beynəlxalq elmi konfransı keçirilib
25.12.2018 14:08
  • A-
  • A
  • A+

Azərbaycan və İslam fəlsəfəsinə həsr olunan beynəlxalq elmi konfransı keçirilib

AMEA Fəlsəfə İnstitutunda İslam fəlsəfəsi şöbəsinin təşəbbüsü ilə “Azərbaycan və İslam fəlsəfəsinin parlaq səhifələri: Şəxsiyyətlər, İdeyalar (yubileylər, anım tarixləri)” adlı elmi konfrans keçirilib.

Əvvəlcə Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə çıxış edərək konfransın məqsəd və əhəmiyyətindən bəhs edib. O, Azərbaycanda fəlsəfə elminə olan böyük maraqdan danışaraq, digər elmlərin mənimsənilməsində fəlsəfi mülahizələrin zəruriliyini vurğulayıb.

Daha sonra çıxış edən İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova elmi konfransın daha geniş miqyasda, beynəlxalq səviyyədə təşkilinin önəmini qeyd edib.

Konfransın təşkilatçısı, İslam fəlsəfəsi şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə isə çıxışında tədbirin hər il ənənəvi olaraq keçiriləcəyini bildirib. Alim qeyd edib ki, konfrans İslam fəlsəfəsinin görkəmli simalarının yubileylərini və anım tarixlərini qeyd etmək, onların dünyagörüşlərinin fərqli aspektlərini təqdim etmək, fənlərarası araşdırmaları daha çox cəlb etməklə İslam fəlsəfəsinə yeni baxış bucağının formalaşmasını təmin etmək məqsədi daşıyır.

2 gün davam edən tədbirdə “Aristotelin İslam fəlsəfəsində izi – peripatetizm”; “İslam fəlsəfəsinin mahiyyətinin inikası – təsəvvüf fəlsəfəsi ( orta əsrlər)” və “İslam mədəni bölgəsində fəlsəfi düşüncə (XIX-XX əsrlər)” bölmələri üzrə İslam fəlsəfəsinin Rabiyə əl-Ədəviyyə, Mövlanə Cəlaləddin Rumi, Ömər Xəyyam, İbn Rüşd, Cəmaləddin Əfqani, Məhəmməd İqbal kimi görkəmli mütəfəkkirlərinin dünyagörüşləri haqqında məruzələr dinlənilib.

Konfransa Gəncə, Şirvan və Naxçıvanın ali məktəblərindən də məruzəçilər qoşularaq, fikir və mülahizələrini bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: