Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Kembric Universitetinin nüfuzlu “Antiquity” jurnalında Azərbaycanda aparılan arxeoloji tədqiqatlar haqqında məqalə dərc edilib
24.12.2018 10:04
  • A-
  • A
  • A+

Kembric Universitetinin nüfuzlu “Antiquity” jurnalında Azərbaycanda aparılan arxeoloji tədqiqatlar haqqında məqalə dərc edilib

Kembric Universitetinin (Böyük Britaniya) nüfuzlu “Antiquity” jurnalında Azərbaycan-Almaniya beynəlxalq ekspedisiyasının 2009-2015-ci illərdə Mil-Qarabağ bölgəsində apardığı tədqiqatların nəticələrinə həsr olunan “İnsan mobilliyi və erkən oturaq həyat tərzi: Azərbaycanın cənub hissəsinin Son Neolit dövrü landşaftı” adlı məqalə dərc edilib.

Məqalədə bildirilir ki, son onillikdə “Qədim Kür” və “Kür hərəkətdədir” beynəlxalq layihələri çərçivəsində Cənubi Qafqazın tarixəqədərki dövrünün araşdırılması, Neolit dövrü həyat tərzinin yayılma dinamikasının öyrənilməsi istiqamətində mühüm addımlar atılıb. Yazıda Gürcüstan ərazisindəki Aruxlo Neolit yaşayış yerində, Azərbaycanda – Tovuz rayonu ərazisindəki Göytəpə və Mentəştəpə abidələrində, Mil düzündə, Ağcabədi rayonunda Kamiltəpə Neolit məskənində aparılan kompleks və ardıcıl tədqiqatların nəticələri işıqlandırılıb. Mil düzündə aparılan tədqiqatlar zamanı müxtəlif dövrlərə aid 174 abidənin qeydə alındığı göstərilib.

Məqalədə Qarasu hövzəsində tədqiq edilən Qarabel təpə (MPS 18) və Kamiltəpə qədim yaşayış yerlərindən də bəhs olunur. Bildirilir ki, burada aparılan qazıntılar zamanı çiy kərpicdən inşa olunmuş və daxili arakəsmələri olan dairəvi planlı iki otaq, boyanaxışlı qablar da daxil olmaqla zəngin dulusçuluq məmulatı aşkar edilib. 

Yazıda, həmçinin Kamiltəpə Neolit yaşayış məskənində ardıcıl tədqiqatlar zamanı açılan kərpic platforma haqqında da məlumat yer alıb. Qeyd edilir ki,  hündürlüyü 2,6 m, diametri isə 24 m olan bu tikilinin inşası üçün böyük işçi qüvvəsi sərf olunub. Cənubi Qafqazda bu monumental abidə ilə müqayisə olunacaq başqa bir tikili məlum deyil.

Qeyd edək ki, məqalənin həmmüəllifləri olan AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Çöl tədqiqatları sektorunun müdiri, arxeoloq, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev, Almaniyanın Kristian Albert ad. Kil Universitetinin əməkdaşı, doktor Andrea Riççi, Azad Berlin Universiteti (Freie Universität Berlin) Yaxın Şərq Arxeologiyası departamentinin əməkdaşı Maria Bianka D`Anna və Sidney Universitetinin (Avstraliya) Arxeologiya Departamentinin əməkdaşı doktor Barbara Helvinq Mil-Qarabağ bölgəsində artıq uzun müddətdir ki, birgə arxeoloji tədqiqatlar aparırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: