Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.12.2018 12:20
  • A-
  • A
  • A+

Akademik Əlisöhbət Sumbatzadə Azərbaycan iqtisadiyyatının və tarixinin inkişafına layiqli töhfələr verib

Akademik Əlisöhbət Sumbatzadə Azərbaycan iqtisadiyyatının və tarixinin inkişafına layiqli töhfələr verib

Dekabrın 21-də AMEA-nın Əsas binasında görkəmli şərqşünas və tarixçi alim, Əməkdar elm xadimi, akademik Əlisöhbət Sumbatzadənin 110 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.

İqtisadiyyat İnstitutu tərəfindən təşkil olunan konfransı giriş sözü ilə bu müəssisənin direktoru, professor Nazim İmanov açaraq fundamental tədqiqatları ilə XX əsr Azərbaycan elmində öz imzasını əbədiləşdirmiş görkəmli elm xadiminin ömür yoluna nəzər salıb. Bildirib ki, ölkəmizdə iqtisad elminin bir sıra istiqamətlərinin inkişafında, iqtisad elmləri sahəsində elmlər doktorlarının hazırlanmasında alimin mühüm xidmətləri olub. O, Azərbaycanın iqtisadi tarixinin öyrənilməsi sahəsində öz məktəbini yaradıb və zəngin irs qoyub gedib. Ə.Sumbatzadənin yetişdirdiyi yüksək ixtisaslı alim-tədqiqatçılar hazırda ölkə iqtisadiyyatının müxtəlif sahələrində, ali məktəblərdə, tədqiqat institutlarında uğurla fəaliyyət göstərirlər.

Daha sonra İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova çıxış edərək görkəmli alimin həyatı və səmərəli elmi-pedaqoji fəaliyyəti barədə ətraflı məlumat verib. Əlisöhbət Sumbatzadənin bacarıqlı elm təşkilatçısı olduğunu deyən N.Axundova onun çoxsaylı elmi kadrların hazırlanmasında misilsiz xidmətlərindən, apardığı tədqiqatların miqyasının genişliyindən, monoqrafik əsərlərinin mövzuları arasında əlaqənin dinamikliyindən, mövcud iqtisadi nəzəriyyələrin praktik əhəmiyyətini əsas götürməsindən, beynəlxalq aləmdə nüfuzundan bəhs edib. Bildirib ki, Ə.Sumbatzadə 1957-1959-cu illərdə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti, 1959-1963-cü illərdə İqtisadiyyat İnstitutunda şöbə müdiri, 1963-1969-cu illərdə Yaxın və Orta Şərq Xalqları İnstitutunun, 1970-1972-ci illərdə Tarix İnstitutunun direktoru, 1970-1981-ci illərdə Azərbaycan Elmlər Akademiyası İctimai Elmlər Bölməsinin akademik-katibi olub. 1982-1992-ci illərdə İctimai elmlər üzrə Elmi Məlumat Mərkəzində şöbə müdiri vəzifəsində çalışıb. O, tarix, iqtisadiyyat, etnoqrafiya, fəlsəfə, şərqşünaslıq, etnogenez və digər elm sahələrinin inkişafına layiqli töhfələr verib.

Diqqətə çatdırılıb ki, əsasən XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanın sosial-iqtisadi tarixinin tədqiqatçısı olan Əlisöhbət Sumbatzadənin elmi-pedaqoji və ictimai fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. Alim “Azərbaycan SSR Əməkdar elm xadimi” fəxri adına layiq görülüb, “Qırmızı Əmək Bayrağı” ordeni və müxtəlif medallarla təltif edilib.

Tədbirdə AMEA-nın müxbir üzvü Şahbaz Muradovun “XX əsr Azərbaycan ictimai-iqtisadi fikrinin ən görkəmli nümayəndəsi – Akademik Ə.Sumbatzadə”, professor İnqilab Əlibəyovun “Şərqşünaslığın inkişafında akademik Ə.Sumbatzadənin rolu” və tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun “XX əsr Azərbaycan tarixşünaslığının banilərindən biri” mövzusunda məruzələri dinlənilib.

Konfransda Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, AMEA-nın müxbir üzvü Vəli Əliyev və digər çıxış edənlər elmi məktəb yaratmış görkəmli alimin gənc tədqiqatçılara daim dəstək olduğunu söyləyib, onunla bağlı xatirələrini bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: