www.science.az
20.12.2018 15:08

Azad Həmkarlar İttifaqının Məclisinin iclasında bir sıra mühüm məsələlər müzakirə olunub

AMEA-nın Azad Həmkarlar İttifaqının Məclisinin növbəti iclası keçirilib.

Tədbirdə AMEA İşlər idarəsinin müdir müavini Sərdar Əliyev, Rəyasət Heyəti aparatının Mətbuat və informasiya idarəsinin rəisi Zülfüqar Fərzəliyev, Kadrlar şöbəsinin müdiri Rzaqulu Hacıyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndəsi Sevil Zeynalova, o cümlədən akademiyanın elmi müəssisə və təşkilatlarının həmkarlar ittifaqlarının sədrləri və kadrlar şöbələrinin müdirləri iştirak ediblər.

İclası AHİ-nin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov açaraq tədbirin gündəliyi barədə iştirakçılara məlumat verib. Alim AMEA-nın elmi müəssisə və təşkilatlarının bəzi həmkarlar təşkilatlarında çatışmazlıqların olduğunu qeyd edərək, aşkarlanmış çatışmazlıqların aradan qaldırılması üçün lazımi göstəriş və tövsiyələr verib.

Alim, həmçinin AHİ tərəfindən AMEA əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə akademiya şəhərciyində mütəmadi ərzaq yarmarkalarının keçirildiyini diqqətə çatdırıb.

Sonra Rəyasət Heyəti aparatının Kadrlar şöbəsinin müdiri Rzaqulu Hacıyev çıxış edərək akademiyanın elmi müəssisə və təşkilatlarında elmi idarəetmənin səmərəli təşkili, işçilərin işə davamiyyətinə, əmək və icra intizamına nəzarətin gücləndirilməsi və iş vaxtının uçotunun aparılmasının təmin olunması məqsədilə AMEA prezidenti, akademik Akif Əlizadə tərəfindən 23 noyabr 2018-ci il tarixində sərəncam imzalandığını xatırladıb.

O, ölkəmizin Əmək Məcəlləsinə əsasən imzalanmış sənədin AMEA-nın elmi müəssisə və təşkilatlarında icra olunmasının önəminə toxunub.

Daha sonra AHİK rəsmisi Sevil Zeynalova "İşçilərin hüquqlarının müdafiəsi və onların əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv olunması zamanı müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması" barədə çıxış edib, iştirakçıların suallarını cavablandırıb.

Tədbirdə İşlər idarəsinin müdir müavini Sərdar Əliyev Rəyasət Heyətinin iclasında təsdiqlənmiş "AMEA əməkdaşlarına bağçılıq-bostançılıq məqsədilə müvəqqəti istifadə üçün torpaq sahəsinin ayrılması və həmin sahələrdən istifadə olunması Qaydaları" haqqında məlumat verib. O, sənədin akademiya əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə qəbul olunduğunu və AMEA-nın “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin balansından 1700 hektar torpaq sahəsinin ayrıldığını bildirib. S.Əliyev müvafiq tələblərə cavab verən akademiya əməkdaşlarının hər birinə iki il müddətinə 10 sot torpaq sahəsinin verilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

İclasda, həmçinin AMEA Yüksək Texnologiyalar Parkı, Ədəbiyyat və Şərqşünaslıq institutlarının həmkarlar təşkilatlarına seçilən yeni sədrlər təsdiqlənib.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.