Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.12.2018 09:39
  • A-
  • A
  • A+

Rusiya Dövlət Neft və Qaz Universitetində Azad Mirzəcanzadə adına auditoriya yaradılacaq

Rusiya Dövlət Neft və Qaz Universitetində Azad Mirzəcanzadə adına auditoriya yaradılacaq

İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetində “Balaxanı-Qara şəhər” ilk neft kəmərinin istismara verilməsinin 140 illiyi və görkəmli alim, Dövlət mükafatı laureatı, Əməkdar elm və texnika xadimi, akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan “Rusiya-Azərbaycan. Dünya neft sənayesinin inkişafı. Hadisələr və insanlar” mövzusunda beynəlxalq konfrans keçirilib. 

Konfransı Rusiya Dövlət Neft və Qaz Universitetinin rektoru, Rusiya Təhsil Akademiyasının müxbir üzvü Viktor Martınov açaraq Bakını dünyanın neft hasilatı mərkəzlərindən biri adlandırıb. Bakıda neft istehsalının tarixindən bəhs edən rektor bu sahədə Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın inkişafından danışıb.

V.Martınov akademik A.Mirzəcanzadənin elmi irsinin neft-qaz sahəsində gənc kadrların yetişdirilməsindəki əhəmiyyətindən söz açaraq, Rusiya Dövlət Neft və Qaz Universitetində görkəmli alimin adını daşıyacaq auditoriyanın yaradılacağını deyib: “Düşünürəm ki, bu, gənc mütəxəssislərin neft və qaz elminin baniləri haqqında daha geniş biliklərə malik olmasına kömək edəcək”.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Böyük Vətən Müharibəsi illərində məhz Bakı neftinin cəbhəni yanacaqla təmin etdiyini vurğulayıb.

Neft tariximizin görkəmli şəxsiyyətlərinin bizə qarşılıqlı fəaliyyətin, əməkdaşlığın nümunəsi olan bir platforma miras qoyduqlarını deyən səfir A.Mirzəcanzadənin zəngin elmi irsindən bəhs edib. Bildirib ki, görkəmli alim böyük elmi məktəb yaradıb və onun yetişdirdiyi mütəxəssislər hazırda neft-qaz sənayesində aparıcı mövqeləri tuturlar.

"Azərbaycanın ümummilli lideri Heydər Əliyev A.Mirzəcanzadə ilə şəxsən tanış idi və onun fəaliyyətini daim dəstəkləyirdi" - deyə bildirən P.Bülbüloğlu A.Mirzəcanzadə adına təqaüdün təsis edilməsi təklifini irəli sürüb.

Tədbirdə Ümumrusiya Azərbaycanlıları Konqresinin prezidenti, akademik Fazil Qurbanov çıxış edərək Azərbaycanda 1878-ci ildə Balaxanı və “Qara şəhər” neftayırma zavodları arasında çəkilmiş ilk boru kəmərinin tarixindən danışıb. Akademik A.Mirzəcanzadənin elmi fəaliyyətini yüksək qiymətləndirən F.Qurbanov həm elmi, həm də pedaqoji fəaliyyətlə məşğul olmuş alimin yüksəkixtisaslı kadrların hazırlanmasında böyük xidmətləri olduğunu qeyd edib.

Bildirib ki, A.Mirzəcanzadə 400-ə yaxın elmi əsərin, 50-dən çox ixtira və patentin müəllifi olub. Neft və qazın çıxarılması proseslərinin optimallaşdırılması, dəniz neft yataqlarının işlənilməsinin dinamik metodlarının hazırlanması, tətbiq edilməsi və s. alimin başlıca elmi nailiyyətləri sırasındadır”.

Sonra Rusiyanın bir sıra elmi və ictimai təşkilatlarının nümayəndələrinin çıxışları dinlənilib.

Konfrans işini sessiyalarda davam etdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: