Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

19.12.2018 16:31
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutunda akademik Akif Əzizovun 75 illik yubileyi qeyd olunub

Neft-Kimya Prosesləri İnstitutunda akademik Akif Əzizovun 75 illik yubileyi qeyd olunub

AMEA-nın akad. Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) görkəmli kimyaçı alim, Əməkdar elm xadimi, akademik Akif Əzizovun 75 illik yubileyi qeyd olunub.

Tədbir alimin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

İclası NKPİ-nin direktoru, akademik Vaqif Abbasov açaraq A.Əzizovun həyatı və elmi fəaliyyəti haqqında danışıb. Bildirib ki, akademik 1943-cü il noyabrın 2-də Ağdərə rayonunun Umudlu kəndində anadan olub. O, 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə daxil olub, 1964-1966-cı illərdə təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib.

V.Abbasov akademikin 1966-cı ildə NKPİ-də əmək fəaliyyətinə başladığını, 1970-2014-cü illərdə institutun kiçik və böyük elmi işçi, laboratoriya və şöbə müdiri, həmçinin elmi işlər üzrə direktor müavini vəzifələrində çalışdığını diqqətə çatdırıb. Bundan əlavə, alimin 2014-2016-cı illərdə AMEA Polimer Materialları İnstitutuna rəhbərlik etdiyini bildirib.

Eyni zamanda A.Əzizovun 1971-ci ildə "Haloidxinonların iştirakında nikelin π-allil kompleksləri əsaslı sistemlərin təsiri altında butadienin stereomüntəzəm polimerləşməsinin qanunauyğunluqlarının öyrənilməsi" mövzusunda namizədlik, 1991-ci ildə isə “Oliqomerləşmə və polimerləşmə proseslərinin metal-üzvi katalizində liqandların və zəif metal-liqand əlaqələrinin rolu” mövzusunda doktorluq dissertasiyasını müdafiə etdiyini xatırladıb. Həmçinin görkəmli alimin 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə həqiqi üzvü seçildiyini deyib.

Tədbirdə, o cümlədən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman), k.ü.e.d., professor Elmira Süleymanova, Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev, Polimer Materialları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov, k.ü.e.d., professor Minavər İbrahimova və digərləri çıxış edərək alimlə bağlı xatirələrini bölüşüb, ölkəmizdə kimya elminin inkişafına verdiyi töhfələrdən danışıblar.

Sonda alimin xatirəsinə həsr olunmuş videoçarx nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: