Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Akademik R.Əliquliyev: “Azərbaycanda proqram sənayesinin formalaşdırılması milli strateji məsələdir”
14.12.2018 21:47
  • A-
  • A
  • A+

Akademik R.Əliquliyev: “Azərbaycanda proqram sənayesinin formalaşdırılması milli strateji məsələdir”

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” mövzusunda IV respublika konfransında çıxış edib.

Konfransın əhəmiyyətini önə çəkən alim bu tədbirin ölkəmizdə milli təhlükəsizliyin təmin olunmasına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib. Bildirib ki, multidissiplinar xarakter daşıyan konfransın proqramına informasiya təhlükəsizliyinin sosial, qanunvericilik, humanitar, texnoloji və s. kimi müxtəlif aspektlərini əhatə edən məruzələr daxil edilib.

“Ölkəmizdə yüksək texnologiyaların sürətli inkişafı insanların həyatını asanlaşdırmaqla yanaşı, həm də müəyyən təhlükələrin yaranmasına, informasiya müharibəsinin vüsət almasına yol açır” – deyən R.Əliquliyev dövlət başçısı tərəfindən mövcud problemlərin həlli məqsədilə bir sıra qərarların qəbul olunduğunu, Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasının təsdiq edildiyini  diqqətə çatdırıb. Bildirib ki, bu kimi addımların atılması AMEA qarşısında da yeni vəzifələr qoyur. Alim əlavə edib ki, hazırda akademiyada informasiya texnologiyalarının prioritet istiqamətlərindən biri kimi informasiya təhlükəsizliyi ilə bağlı ciddi tədqiqatlar aparılır, qrant layihələr həyata keçirilir.

İnformasiya təhlükəsizliyinin təmin olunmasının müasir cəmiyyətin qarşısında duran əsas vəzifələrdən olduğunu deyən R.Əliquliyev bu vəzifələrin həyata keçirilməsində həm dövlət, həm də biznes qurumlarının böyük rolu olduğunu diqqətə çatdırıb. AMEA-nın bu prosesdə fəal iştirakının vacibliyini xüsusi qeyd edən alim bildirib ki, müvafiq elmi qurumlar tərəfindən informasiya təhlükəsizliyi sahəsində olan problemlər dərindən araşdırılmalı, onlar tədqiqat və intellektin köməyilə qısa zamanda aradan qaldırılmalıdır.

Akademik R.Əliquliyev Azərbaycanda proqram sənayesinin formalaşdırılması problemlərinə də toxunub. O, bu gün ölkəmizin təhsil sistemində proqram sənayesi ilə bağlı təhsilin qənaətbəxş olmadığını vurğulayaraq, bu sahədə dünya təcrübəsinin öyrənilməsinin zəruriliyini vurğulayıb. Bildirib ki, proqram sənayesinin formalaşdırılması milli strateji məsələdir. Bu sahədə dünya təcrübəsi öyrənilməli, yeni fakültələr, ixtisaslar açılmalı, eləcə də sertifikatlaşdırma həyata keçirilməlidir.

“Azərbaycan təhsil sisteminin bütün pillələrində proqram mühəndisliyinin tədrisinə xüsusi diqqət yetirilməli, ölkəmizdə hazırlanan proqram məhsulları dünya standartlarına cavab verməlidir” – deyən alim bu istiqamətdə AMEA-nın təhsil qurumlarına elmi dəstək göstərməsinin vacib amil olduğunu bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: