www.science.az
14.12.2018 13:15

Azərbaycanlı alim “Lev Tolstoy” mükafatına layiq görülüb

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri, "Türkologiya" jurnalının məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov Rusiya Federasiyasının Tatarıstan Respublikasında ezamiyyətdə olub.

Alim səfər zamanı Kazan Federal Universitetinin Filologiya fakültəsinin dekanı, “Tatarıca” jurnalının baş redaktoru, professor Radif Zamaletdinovla görüşüb.

Görüşdə Tatarıstan türkoloji mühiti ilə “Türkologiya" jurnalı arasında əməkdaşlıq barədə müzakirələr aparılıb. E.İbrahimov türkologiya sahəsindəki fəaliyyətlərinə görə Kazan Federal Universitetinin ali mükafatı olan “Lev Tolstoy” medalı ilə təltif edilib.

Daha sonra E.İbrahimov Tatar dili və ədəbiyyatı kafedrasının magistrlərinə “Türk dillərinin müasir vəziyyəti” mövzusunda mühazirə keçib. Azərbaycanlı alim mühazirəsində çağdaş türkoloji araşdırmalar, ortaq türk əlifbası, türk dövlətlərində dil siyasəti və s. kimi aktual məsələlərdən danışıb, tələbələrin suallarını cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.