www.science.az
14.12.2018 10:23

Lənkəran Dövlət Universitetində Şeyx Zahid Gilaninin 800 illik yubileyinə həsr olunmuş beynəlxalq simpozium keçirilib

Dekabrın 13-də Lənkəran Dövlət Universitetində (LDU) “Doğumunun 800-cü ilində Şeyx Zahid Gilani” mövzusunda beynəlxalq simpozium işə başlayıb. Simpozium AMEA-nın Tarix İnstitutu, Türkiyənin Konya Nəcməddin Ərbəkan Universiteti, TİKA və LDU-nun birgə təşkilatçılığı ilə keçirilir.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini yad ediblər.

Beynəlxalq tədbirdə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

LDU-nun rektoru vəzifəsini icra edən, professor Natiq İbrahimov beynəlxalq simpoziumun gündəliyi, məqsəd və vəzifələri barədə məlumat verib. Qeyd olunub ki, doğumunun 800-cü ildönümündə Şeyx Zahid Gilaninin anılması bu dəyərli şəxsiyyətin irsini öyrənən alimlərin bir araya gəlməsinə, birgə fikir mübadiləsi aparılmasına, elmi axtarışların nəticələrinin paylaşılmasına şərait yaratmaqla, yeni tədqiqatlara da yol açacaq. Simpoziumda iştirak etmək üçün beş ölkədən 60-dan çox müraciətin daxil olduğunu vurğulayan N.İbrahimov bunu Şeyx Zahid Gilani şəxsiyyətinə, müdrikliyinə hörmət kimi dəyərləndirib.

Diqqətə çatdırılıb ki, Şeyx Zahid Gilani 1215-ci ildə Lənkəran rayonunun Siyəvar kəndində anadan olub. Rayonun Şıxəkəran kəndində yerləşən Şeyx Zahid türbəsi Nazirlər Kabinetinin qərarına əsasən, yerli əhəmiyyətli tarixi abidə kimi qeydiyyata alınaraq qorunur.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev rayonda Şeyx Zahid şəxsiyyətinə daim dəyər verildiyini, məqbərəsinin müqəddəs ziyarətgah olduğunu, şəhərdəki mərkəzi küçələrdən birinin onun adını daşıdığını bildirib.

Türkiyənin Konya Nəcməddin Ərbəkan Universitetinin professoru Əhməd Taşkın, Kastomonu Universitetinin professoru Cövdət Yaquboğlu, AMEA-nın Tarix İnstitutunun əməkdaşları - professor Şahin Fazil, dosent Dilavər Əzimli çıxışlarında Şeyx Zahid Gilani şəxsiyyətinin böyüklüyü, onun fəlsəfi fikir tarixində oynadığı rol, xeyirxah əməlləri barədə ətraflı söz açıblar.

Sonra simpozium işini bölmə iclaslarında davam etdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.