Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Akif Əlizadə Rusiyaya səfəri çərçivəsində bir sıra görüşlər keçirib
05.12.2018 09:30
  • A-
  • A
  • A+

Akademik Akif Əlizadə Rusiyaya səfəri çərçivəsində bir sıra görüşlər keçirib

AMEA-nın prezidenti, akademik Akif Əlizadənin başçılıq etdiyi nümayəndə heyəti Rusiya Elmlər Akademiyasının (REA) Şərq Əlyazmaları İnstitutunun (ŞƏİ) 200 illik yubileyinə həsr olunmuş “Rusiya və Şərq. Rusiya akademik şərqşünaslığının 200 illiyi” adlı beynəlxalq forumda iştirak edib.

Nümayəndə heyətinin tərkibində AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, Rəyasət Heyəti aparatının Mətbuat və informasiya idarəsinin rəhbəri Zülfüqar Fərzəliyev və digər alimlər olublar.

Forumun təntənəli açılış mərasimində Rusiya Prezidenti Vladimir Putinin, Sankt-Peterburq şəhərinin qubernatoru A.Beqlovun, REA-nın prezidenti, akademik A.Sergeyevin və REA-nın Sankt-Peterburq Elmi Mərkəzinin prezidenti, akademik J.Alfyorovun salamlama məktubları səsləndirilib. Mərasimdə akademik Akif Əlizadə geniş nitqlə çıxış edərək REA Şərq Əlyazmaları İnstitutunun çoxsaylı kollektivini yubiley münasibətilə təbrik edib, Azərbaycan əlyazmaları haqqında kitabları ŞƏİ-nin direktoru, prof. İrina Popovaya təqdim edib.

Forumun ikinci günü “Avrasiya məkanında akademik şərqşünaslıq: tarix və perspektivlər”, “Keçmiş Rusiya imperiyası ərazisində İslam”, “Xristian Şərqinin öyrənilməsi: qırılmış ənənələrin bərpası”, “Türk-monqol dünyası əlyazma və sənədlərdə” və s. adlı dəyirmi masalar təşkil olunub. Dəyirmi masalarda akademiklər - Nərgiz Axundova, Teymur Kərimli, Gövhər Bəxşəliyeva, Şahin Mustafayev və digərləri iştirak ediblər.

Akademik Akif Əlizadə, həmçinin səfər çərçivəsində Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunda baş konsul Sultan Qasımovla işgüzar görüş keçirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: