AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının növbəti iclasında “AMEA-da magistratura təcrübəsi: analiz və gələcəyə baxış” mövzusunda çıxış edən Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov artıq 4 ildir ki, akademiyada təşkil olunan magistratura təhsilinin bütövlükdə ölkə miqyasında uğurlu layihələrdən biri olduğunu bildirib. Qeyd edib ki, bu layihə akademiyanın gələcək fəaliyyətinin daha səmərəli təşkilində, gənclərin elmə cəlb olunmasında, eləcə də elm və təhsilin intqrasiyasında böyük rol oynayır.
AMEA-nın magistraturasına qəbulun dinamikası haqqında məlumat verən məruzəçi diqqətə çatdırıb ki, 2015-ci ildə qəbul olunanların sayı 19 idisə, cari ildə bu rəqəm 67-yə çatmışdır.
O, 2015-ci ildə 20 yerə 19, 2018-ci ildə isə 92 yerə 67 magistrantın qəbul edildiyini deyib. Bildirib ki, 2017/2018-ci tədris ilində AMEA-nın elmi bölmələri üzrə aparılmış statistikanın nəticələrinə görə, ən çox magistrant (23) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə qəbul olunub.
Alim 2018-ci il magistr məzunlarının müvəffəqiyyət statistikasını da təqdim edib. Məzun olmuş 57 magistrantdan 45-nin fərqlənmə diplomuna layiq görüldüyünü deyib.
Ə.Sadıqov, həmçinin qəbul zamanı magistrantların topladığı balların statistikası, plan yerləri və keçirilən müsahibənin nəticələri barədə məlumat verib. Onun sözlərinə görə, 2018-ci ildə məzun olmuş 57 magistrdən 38-i bu gün də AMEA-da elmi fəaliyyətini davam etdirir.
Alim akademiyada magistratura təhsilinin təkmilləşdirilməsi məqsədilə bir sıra təklif və tövsiyələrini də diqqətə çatdırıb. Qeyd edib ki, elmi müəssisələr magistraturanın təbliği üçün məqsədyönlü işlər aparmalı, magistrantların öz fəaliyyətlərini AMEA-da davam etdirmələri, aktual mövzularda araşdırmalar aparmaları üçün lazımi köməkliyi göstərməlidirlər.
Magistratura pilləsinin perspektivlərindən danışan Ə.Sadıqov qeyd edib ki, tədris planları və fənn proqramları müasir mövzuları əhatə etməklə yenidən hazırlanmalı, prioritet ixtisaslar üzrə nüfuzlu xarici ali təhsil müəssisələri ilə birgə beynəlxalq ikili diplom proqramları təşkil olunmalıdır. Eləcə də AMEA-nın beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi nəzərdə tutulan elmi müəssisələri üzrə elmi məqalələrin nüfuzlu beynəlxalq nəşrlərdə dərci təşviq edilməlidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.