Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.12.2018 16:45
  • A-
  • A
  • A+

AMEA-nın professorlarının Koordinasiya Şurasının ilk iclası keçirilib

AMEA-nın professorlarının Koordinasiya Şurasının ilk iclası keçirilib

Dekabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA-nın professorlarının Koordinasiya Şurasının ilk iclası keçirilib.

İclası AMEA prezidenti, akademik Akif Əlizadə açaraq elm və təhsil sahəsində əlaqələrin möhkəmləndirilməsinin  şuranın əsas fəaliyyət prinsiplərindən biri olduğunu deyib. A.Əlizadə bildirib ki, AMEA-nın professorları akademiyanın elmi və elmi-təşkilati həyatında  daha yaxından iştirak etməlidirlər. Onlar öz fəaliyyətlərində elmlə təhsilin inteqrasiyasına xüsusi diqqət ayırmalı, innovativ fəaliyyətin inkişaf etdirilməsinə dəstək verməli, gənc kadrların hazırlanmasında, tədris prosesində elmi nailiyyətlərin təbliğində, habelə gənclərin elmə marağının artırılması istiqamətində fəal çalışmalıdırlar. O, AMEA-nın professorlarının akademiyada magistrantların yüksək səviyyəli mütəxəssis kimi yetişməsində rolunu xüsusi vurğulayıb.

İclasda çıxış edən AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev qeyd edib ki, “AMEA-nın professoru” elmi adının yaradılması akademiya tarixində mühüm hadisədir. Akademik AMEA-nın professorlarının akademiyanın gənc alimləri ilə birgə elmi aktual mövzulu tədbirlərin təşkilində, eləcə də XXI əsrdə elmin qarşısında duran prioritet vəzifə və tələblərə uyğun dissertasiya mövzularının seçilməsində yaxından iştirakının məqsədəuyğun olduğunu vurğulayıb.

Sonra Elm və təhsil baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək AMEA-nın professorlarının akademiyanın magistrantları üçün məsləhət saatları keçirməsinin zəruriliyini qeyd edib. İdarə rəsi bildirib ki, akademiyanın elmi müəssisələrində magistratura təhsilində keyfiyyətin yüksəldilməsinə AMEA-nın professorları öz töhfəsini verə bilər. Bu da magistratura təhsili almaq istəyən gənclərin AMEA-ya daha böyük maraq göstərməsinə imkan yaradacaq.

Daha sonra iclas AMEA-nın professorlarının çıxışları və müzakirələrlə davam edib. Müzakirələrdə AMEA-nın professorlarının iştirakı ilə kadr hazırlığı,  magistrantlar üçün qrant müsabiqələrinin və yay məktəblərinin təşkili və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda şuranın fəaliyyəti ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: