Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.12.2018 11:33
  • A-
  • A
  • A+

“Azərbaycan narının multidissiplinar funksiyası” mövzusunda beynəlxaq elmi konfrans keçirilib

“Azərbaycan narının multidissiplinar funksiyası” mövzusunda beynəlxaq elmi konfrans keçirilib

Göyçayda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, AMEA-nın Folklor İnstitutunun və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan narının multidissiplinar funksiyası” mövzusunda beynəlxaq elmi konfrans keçirilib.

Tədbir iştirakçıları əvvəlcə foyedə Göyçay rayonu üzrə xalq yaradıcılığı nümunələrinin sərgisi ilə tanış olublar. Konfrans “Bir dünya - min millət” sənədli filminin nümayişi ilə başlanıb. 

Sonra rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə konfransı açaraq, ölkəmizdə bağçılığın inkişafına dövlət qayğısından, Göyçayın “Azərbaycan gülöyşəsi”, “Bala Mürsəl”, “Şahnaz”, “Ağşirin”, “Qırmızıqabıq”, “Vələs”, “Şelli mələsi” kimi qiymətli nar növlərinin yetişdiyi yeganə bölgə olmasından, istehsal edilən nar məhsullarının xarici ölkələrə ixracından danışıb.

Daha sonra Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov “Azərbaycan folklorunda narın mifoloji semantikası” mövzusunda məruzəsini təqdim edib. Alim Azərbaycan folkorunun bir çox janrlarında - nağıllarda, dastanlarda, bayatılarda, aşıq sənətində, el nəğmələrində və s. narın təsvirinə geniş yer verilməsindən, xalq ədəbiyyatında narla bağlı ayrı-ayrı süjet, motiv və obrazlara rast gəlinməsindən və narın mifoloji rəmz kimi məhəbbət, güc, məhsuldarlıq ifadə etməsindən bəhs edib.

Beynəlxalq elmi-konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Oktay Səmədovun “Dənəciklər məcmusu bütövlüyün rəmzi kimi: nar-təbiət möcüzəsi”, Bakı Avrasiya Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəddin Altaylının “Türk mədəniyyətində nar”, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyevin “Nar multidissiplinar kontekstdə” mövzularında məruzələri dinlənilib. Məruzələrdə vurğulanıb ki, bu gün dünyada yarım milyonadək bitki növü var. Onlardan biri çoxlu sayda dənəciklərin möcüzəli şəkildə toplandığı və hazırda 27 növü olan nar meyvəsidir. Rəvayətə görə, ilk nar ağacı məhəbbət ilahəsi Afrodita tərəfindən becərilib. Qeyd olunub ki, nar şirəsi və qabığından 20-dək xəstəliyin müalicəsində istifadə olunur.

Tədbir çərçivəsində, həmçinin Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədlinin “Ənənəvi söyləyicilik sənəti” kitabının təqdimatı olub.

Daha sonra konfrans “Nar iqtisadiyyatda və sosial həyatda” və “Narın sənətdə və mədəniyyətdə təzahürü” bölmələrində işini davam etdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: