Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

01.12.2018 21:00
  • A-
  • A
  • A+

“Firəngiz Əlizadə - dünya şöhrətli bəstəkarımız” adlı kitabın təqdimatı olub

“Firəngiz Əlizadə - dünya şöhrətli bəstəkarımız” adlı kitabın təqdimatı olub

Bakı Kitab Mərkəzində “Firəngiz Əlizadə - dünya şöhrətli bəstəkarımız” adlı kitabın təqdimatı olub.

Təbirdə çıxış edən tanınmış musiqişünas, Əməkdar incəsənət xadimi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Həcər Babayeva müəllifi olduğu kitab haqqında məlumat verib. Bildirib ki, kitab Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin yaradıcılığının son 10 ilini əhatə edir. Nəşrdə dünyanın ən məşhur musiqi xadimlərinin Firəngiz xanım haqqında dediyi xoş sözlər, onun iştirak etdiyi tədbirlər, beynəlxalq konfranslar, müsabiqələr barədə ətraflı məlumatlar fotoşəkillərlə əksini tapıb.

Diqqətə çatdırılıb ki, kitabda Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, o cümlədən Azərbaycanın tanınmış musiqişünasları - Bakı Musiqi Akademiyasının professorları, Əməkdar incəsənət xadimləri Zemfira Qafarova, İmruz Əfəndiyeva, həmçinin Kamilə Dadaşzadə, Cəmilə Həsənova və başqalarının görkəmli bəstəkarın yaradıcılığından bəhs edən məqalələri, eləcə də KİV-də yer alan müsahibələri yer alıb.

Sonra çıxış edən Xalq yazıçısı Anar Azərbaycan musiqi mədəniyyətinin formalaşmasında böyük xidmətləri olan F.Əlizadənin yaradıcılığına dair belə bir nəşrin ərsəyə gəlməsini yüksək qiymətləndirib. Vurğulayıb ki, F.Əlizadə iki dövrün - sovet və müstəqillik dövrünün bəstəkarıdır. Onun yaradıcılığı hər zaman ölkəmizin musiqi mədəniyyətinin inkişafına böyük təsir edib. 

Tədbirdə akademik Zemfira Səfərova, Əməkdar incəsənət xadimi Cəmilə Həsənova və başqaları çıxış edərək kitabın əhəmiyyətindən, görkəmli bəstəkarın sənət fəaliyyətindən bəhs ediblər.

Sonda beynəlxalq müsabiqələr laureatı Ceyla Seyidova Səidə Tağızadənin (piano) müşayiəti ilə F.Əlizadənin “İmpuls” əsərini səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: