Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

30.11.2018 09:17
  • A-
  • A
  • A+

AMEA-nın prezidenti Sankt-Peterburqda tələbələrə mühazirə oxuyub

AMEA-nın prezidenti Sankt-Peterburqda tələbələrə mühazirə oxuyub

AMEA-nın prezidenti, akademik Akif Əlizadə Rusiyanın Sankt-Peterburq şəhərində elmi ezamiyyətdə olub. O, Rusiya Elmlər Akademiyasının (REA) Şərq Əlyazmaları İnstitutunun 200 illik yubileyinə həsr olunmuş “Rusiya və Şərq. Rusiya akademik şərqşünaslığının 200 illiyi” adlı beynəlxalq forumda iştirak edib.

Beynəlxalq forumun işində 20 Asiya və Avropa ölkəsindən 300-dən çox alim, milli elmlər akademiyalarının, Rusiya və xarici ölkələrin aparıcı elm mərkəzlərinin təmsilçiləri iştirak ediblər. Smolniy sarayında baş tutan tədbiri giriş sözü ilə REA-nın Şərq Əlyazmaları İnstitutunun direktoru, tarix elmləri doktoru İrina Popova açaraq rəhbərlik etdiyi müəssisənin yaranma tarixi barədə məlumat verib. Bildirib ki, Şərq Əlyazmaları İnstitutu 1818-ci ilin noyabrında Sankt-Peterburq İmperator Elmlər Akademiyasının Prezidenti S.Uvarovun təşəbbüsü ilə Asiya Muzeyi kimi yaradılıb.

Forum çərçivəsində Sankt-Peterburq Həmkarlar İttifaqları Humanitar Universitetində təşkil olunan tədbirdə isə akademik A.Əlizadə “Müasir Azərbaycan elmi” mövzusunda mühazirə oxuyub.

Universitetin tələbələri və professor-müəllim heyəti qarşısında mühazirə ilə çıxış edən AMEA rəhbəri Azərbaycan dövlətinin elmin və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edib.

Akademik A.Əlizadə səfər çərçivəsində, həmçinin Sankt-Peterburq Həmkarlar İttifaqları Humanitar Universitetinin rektoru, professor Aleksandr Zapesotski ilə görüşüb, əməkdaşlıq pespektivlərinə dair müzakirələr aparıb.

Görüşdə ölkəmizin Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov və AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya idarəsinin rəisi Zülfüqar Fərzəliyev də iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: