Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alimlər Buxarestdə keçirilən elmi sessiyada iştirak ediblər
28.11.2018 16:49
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlər Buxarestdə keçirilən elmi sessiyada iştirak ediblər

Rumıniyanın paytaxtı Buxarestdə Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) üzv ölkələrinin hökumətlərinin səlahiyyətli nümayəndələri Komitəsinin növbəti sessiyası keçirilib. Ölkəmizi sözügedən tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, Azərbaycan Respublikası Hökumətinin BNTİ-də Səlahiyyətli Nümayəndəsi, akademik Nazim Məmmədov və bölmənin baş mütəxəssisi, Azərbaycan Respublikası Hökumətinin BNTİ-də Səlahiyyətli Nümayəndəsinin assistenti Yeganə Əliyeva təmsil ediblər.

Sessiyada BNTİ-nin direktoru, akademik V.A.Matveyev ötən ilin yekunları haqqında məruzə ilə çıxış edib. Alim məruzəsində diqqəti ölkələr arasında elmi əlaqələrin inkişafına yönəldib. Bildirib ki, cari il BNTİ üçün olduqca səmərəli olub, yeni layihələrə imza atılıb, üzv ölkələrin elmi mərkəzləri ilə əməkdaşlıq genişləndirilib, müştərək tədqiqat və proqramlar həyata keçirilib və işlər indi də davam etdirilir.

Elmi sessiyada BNTİ-nin vitse-direktorları - V.D.Kekelidze və R.Lednitski NİCA layihəsinin icrasına və 2019-cü il üçün layihə üzrə nəzərdə tutulan işlərə həsr olunan məruzələrlə çıxış ediblər.

Tədbirdə, həmçinin BNTİ-nin elmi katibi A.S.Sorin institutun Elmi Şurasının tərkibində edilən dəyişikliklər haqqında danışıb. O cümlədən BNTİ-nin Beynəlxalq əlaqələr şöbəsinin rəisi D.V.Kamanin assosiasiya olunmuş ölkələrlə əlaqələrə dair, BNTİ-nin İnformasiya texnologiyaları laboratoriyasının direktoru V.V.Korenkov isə informasiya texnologiyalarının inkişafının əsas trendləri, çağırış və perspektivlərinə həsr olunan məruzə ilə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: