Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-ya ünvanlanmış əsassız ittihamlara cavab
23.11.2018 16:33
  • A-
  • A
  • A+

AMEA-ya ünvanlanmış əsassız ittihamlara cavab

Azərbaycan Milli Elmlər Akademiyasının Aspirantlar yataqxanasının sakinləri adından yazılmış “İllərdir yataqxanada sürünən alimlərimiz – AMEA-da qalmaqal” adlı yazı barədə bildiririk ki, AMEA-da işləyən və yataqxanada yaşayan alimlər mənzillə təmin edilmişdir və bu məsələ ilə əlaqədar AMEA-da heç bir qalmaqal yoxdur. AMEA əməkdaşları mənzil bölgüsündən razıdırlar.

Bu məsələnin ətraflı izahı məqsədilə aşağıdakıları bildiririk:

Akademiyanın əvvəlki rəhbərliyi dövründə AMEA ilə “Evrostroy-S” MMC arasında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 12 ünvanda yerləşən yataqxanasının ərazisində yataqxanada yaşayan AMEA əməkdaşlarının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yeni yaşayış evlərinin tikintisi barədə 14 noyabr 2012-ci il tarixli müqavilə bağlanmışdır. Yataqxana AMEA-nın balansında, ərazisi akademiyaya aid olduğuna və qanunvericiliyə əsasən yataqxana müvəqqəti yaşayış sahəsi hesab edildiyinə görə yataqxanada yaşayan sakinlər müqavilənin bağlanmasında tərəf kimi iştirak edə bilməzdilər. Belə ki, bu yataqxanadakı otaqlar özəlləşməmişdi və özəlləşdirilməsi də nəzədə tutulmur.

Müqavilədə podratçı tərəfindən həmin ərazidə inşa ediləcək 4 girişli 16 mərtəbəli yaşayış binasından 1 girişli 16 mərtəbəli yaşayış binasının ödənişsiz əsaslarla AMEA-ya ayrılması nəzərdə tutulmuşdur. Lakin müqavilə bağlanan zaman “Evrostroy-S” MMC tərəfindən ayrılacaq mənzillərin sayı və sahəsi göstərilmədiyinə görə çox çətinliklərlə üzləşdik.

Məlumat üçün bildiririk ki, müqavilə bağlanarkən yataqxanada 116-ya yaxın ailə yaşamasına baxmayaraq “Evrostroy-S” MMC Şərifzadə küçəsi, 12 ünvanında inşa etdiyi binadan AMEA-ya 54 mənzil ayırdı. Bu mənzillər azlıq etdiyinə və həmin ünvanda əlavə mənzillər olmadığını bildirdiklərinə görə, AMEA-nın təkidindən sonra “Evrostroy-S” MMC ətraf qəsəbələrdə inşa edilmiş yaşayış evlərindən də mənzillər ayırdı. Bu mənzillərin cəmi, hətta yataqxana ilə əlaqədar olan və hazırda AMEA-da işləyən elmi işçilərə də azlıq etdi. Hazırda əlavə mənzillərin ayrılması üçün “Evrostroy-S” MMC ilə söhbətlər davam etdirilir. Hətta tərəfimizdən aidiyyatı hüquq mühafizə orqanlarına da müraciət etmişik.

Bağlanmış müqavilənin icrasına hazırlığa başlayarkən AMEA prezidentinin 16 iyul 2013-cü il tarixli 147 nömrəli sərəncamı ilə komissiya yaradılmışdır. Komissiya tərəfindən yataqxanada qeydiyyatı olub yaşayan və qeydiyyatı olub yaşamayan vətəndaşlar müəyyənləşdirilmiş, yataqxanada yaşamağa qanuni hüquqlarının olub-olmaması araşdırılmışdır. Onlarla görüşlər keçirilmiş və lazımi sənədlər toplanmışdır. 

Müəyyən edilmişdir ki, sözügedən yataqxanada qeydiyyatı olub yaşamayan və AMEA ilə heç bir əlaqəsi olmayan (kənar təşkilatlarda işləyən və ya ümumiyyətlə işləməyən) çoxsaylı kənar şəxslər də vardır. Ona görə də yataqxanada qeydiyyatda olan şəxslərin müəyyənləşdirilməsi məqsədilə AMEA tərəfindən Daxili İşlər Nazirliyinə müraciət edilmiş, AMEA-ya aidiyyəti olmayan və yataqxanada yaşamayan yüzlərlə şəxsin qeydiyyatdan çıxarılmasına nail olunmuşdur.

Mənzillərin bölüşdürülməsinə hazırlıq məqsədilə AMEA Rəyasət Heyətinin 07 dekabr 2016-cı il tarixli 15/2 nömrəli qərarı ilə, AMEA-nın vitse-prezidentinin rəhbərliyi ilə yeni komissiya yaradılmış və komissiyaya müvafiq tapşırıqlar verilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, yataqxanada qeydiyyatda olub yaşayan və ya adına otaq olub yaşamayan 107 ailə vardır. Onlardan 71 ailə AMEA-da işləyən, 36 ailə isə AMEA-da işləməyənlərdir. AMEA-da işləyən 71 ailədən 6-sı elmlər doktoru, 45-i isə fəlsəfə doktorudur.

Bunlardan əlavə, AMEA-da işləyən 48 əməkdaşın ailəsinin də (onlardan 34-ü fəlsəfə doktoru, 1-i elmlər doktorudur) əksəriyyətinin 20 ildən artıq müddətdir ki, yataqxanada qeydiyyatda olduğu, lakin boş otaq olmadığına görə orada yaşamadıqları müəyyən edilmişdir. Bu əməkdaşlar da mənzil almağa iddialıdırlar. Bunlardan yataqxanada otaq ayrılması barədə məhkəmə qərarı olanları və əvvəllər yataqxanada yaşamış sonralar isə ailə qurduğuna görə kirayəyə çıxmışlar da vardır. Bu əməkdaşlar hesab edirlər ki, uzun illərdir kirayələrdə yaşamaq məcburiyyətində qaldıqlarına görə yataqxanada yaşayanlardan daha çox maddi və mənəvi sarsıntılara məruz qalmışlar. Eyni zamanda, AMEA-da işləməyənlərin qeyri-qanuni olaraq yataqxanada yerləşdirilməsindən şikayətlənirdilər.

Komissiya tərəfindən yataqxanada yaşayan və qeydiyyatda olub yaşamayan hər bir AMEA əməkdaşının yaşayış şəraitini və mənzilə olan ehtiyacını təsdiq edən sənədlər toplanmışdır. Kənarda yaşayış sahələri olması barədə məlumat daxil olan ailələrin yataqxanadan kənarda yaşadıqları mənzillər yerində, mənzil istismar sahələrinin işçiləri ilə birlikdə araşdırılmışdır. Yuxarıda qeyd edilən 71 AMEA əməkdaşından 26-nın mənzil almağa hüququnun olması məsələsində problemlər yarandığını təsdiq edən sənədlər və məlumatlar toplanmışdır. Bunlardan müəyyən qismi Bakı şəhərində mənzil aldıqları dövrdə də yataqxanadakı otağı təhvil verməmiş, yeni tikilən binadan mənzil əldə etmək məqsədilə aldıqları mənzilləri başqalarının adına dəyişmişlər. Qalan 45 AMEA əməkdaşının və yataqxanada qeydiyyatı olub yaşamayan, elmi dərəcəsi olan 16 əməkdaşın isə mənzil almağa hüququ olduğu müəyyən edilmişdir.

Məsələnin ciddiliyini nəzərə alaraq, AMEA Rəyasət Heyətinin 24 may 2017-ci il tarixli, 8/21 nömrəli qərarı ilə, AMEA-nın vitse-prezidentinin və AMEA Azad Həmkarlar İttifaqı sədrinin rəhbərliyi ilə yeni tərkibdə, mənzillərin bölüşdürülməsi komissiyası yaradılmış və komissiyaya müvafiq tapşırıqlar verilmişdir.

Mənzillərin bölüşdürülməsi işinə hazırlıq məqsədilə, “Evrostroy-S” MMC tərəfindən Şərifzadə küçəsi, 12 ünvanında inşa edilən binadan ayrılmış 54 mənzilin yataqxanada yaşayan, mənzili məsələsində problemi olmayan AMEA əməkdaşlarına təklif edilməsi üçün 5 nəfər komissiya üzvlərindən ibarət işçi qrupu yaradılmışdır. Mənzil ayrılması nəzərdə tutulan əməkdaşlara həmin işçi qrupu tərəfindən, ailə vəziyyəti və elmi dərəcəsi nəzərə alınaraq mənzillər püşkatma yolu ilə təklif edilməsi nəzərdə tutulmuşdu. Bu məsələyə komissiya tərəfindən baxılaraq müvafiq qərar qəbul olunmalı və qərar təsdiq üçün AMEA Rəyasət Heyətinə təqdim edilməli idi. Mənzillər təklif edilən əməkdaşların fikrini bilmək ona görə lazım olmuşdur ki, qərar qəbul edilib təsdiqini tapandan sonra mərtəbələrə görə narazılıq olmasın.

Yuxarıdakı bənddə qeyd edilən püşkatmaya gələn hər bir qrupa ətraflı izah edilmişdir ki, bu püşkatma mənzil bölgüsü deyil, sadəcə təklif edilən mənzilə onların fikrini öyrənmək üçündür. Onlara bildirilmişdir ki, məsələyə komissiyanın və AMEA Rəyasət Heyətinin iclaslarında baxıldıqdan sonra onlar mənzil almış hesab olunacaqlar.

Püşkatmada olan təkliflər komissiyanın iclasına təqdim edilənə qədər, yəni püşkatmanın sabahı günündən başlayaraq yataqxananın digər sakinləri respublikanın dövlət və hökumət orqanlarına, eyni zamanda AMEA-nın rəhbərliyinə, mənzil komissiyasının və digər aidiyyəti işçilərin ünvanına haqsız olaraq əsassız və böhtan xarakterli çoxsaylı şikayətlər etməyə başladılar. Rəhbərlərin qarşısını kollektiv şəkildə kəsərək komissiya tərəfindən məsələyə düzgün yanaşılmadığını, 0,5 ştatla işləyən işçilərə mənzil təklif edilməsinin düzgün olmadığını və digər iradlar bildirərək məsələyə yenidən baxılmasını tələb etdilər. Yaranan gərginliyi nəzərə alaraq, AMEA-nın rəhbərliyi komissiyanın tərkibini yeniləməyi və məsələyə yenidən baxılmasını qərara aldı.

Odur ki, mənzillərin mövcud qanunvericiliyə uyğun və tam obyektiv bölünməsinin bir daha təsdiq edilməsi məqsədilə AMEA Rəyasət Heyətinin 05 iyul 2017-ci il tarixli 9/23 nömrəli qərarı ilə əvvəlki komissiyanın tərkibində dəyişiklik edildi. Yeni komissiyaya AMEA Gənc Alim və Mütəxəssislər Şurasının, Veteranlar Şurasının üzvləri də əlavə edilərək 7 nəfərdən 13 nəfərə artırıldı. Eyni zamanda, komissiyanın iclaslarında, AMEA-nın prezidentinin rəsmi müraciətinə əsasən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatı və Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ayrılmış nümayəndələrin də iştirakı təmin edildi.

Yeni yaradılmış komissiya tərəfindən mənzil qanunvericiliyinə uyğun olaraq, ilk mərhələdə yataqxanada qeydiyyatda olub yaşayan 45 əməkdaşa, qeydiyyatda olub yaşamayan və elmi dərəcəsi olan 16 əməkdaşa mənzil ayrılması barədə qərar qəbul edilmişdir. Eyni zamanda, “Evrostroy-S” MMC tərəfindən Şərifzadə küçəsi, 12 ünvanında inşa edilən binadan ayrılmış mənzillərin azlığını nəzərə alaraq qərara alındı ki, elmi dərəcəsi olan və yataqxanada yaşayan əməkdaşlara Şərifzadə küçəsi, 12 ünvanında inşa edilən binadan, elmi dərəcəsi olmayan və yataqxanada yaşayan əməkdaşlara isə kənardakı ünvanlardan mənzillər verilsin. Mənzillərin bölüşdürülməsi barədə komissiya tərəfindən müvafiq qərar qəbul edildi və həmin qərar AMEA Rəyasət Heyəti tərəfindən təsdiq edildikdən sonra AMEA-nın inzibati binasında 06.10.2017-ci il tarixdə keçirilən yığıncaqda, mənzil ayrılmış 61 nəfərə sənədlərin və mənzillərin açarlarının verilməsi tədbiri keçirildi, bu tədbir mətbuatda ətraflı işıqlandırıldı. Komissiyanın növbəti iclasında isə yataqxanada yaşayan və qeydiyyatı olub yaşamayan 12 AMEA əməkdaşlarına mənzil ayrılmışdır.

Bundan sonra Şərifzadə küçəsindən kənarda mənzil ayrılmış əməkdaşlardan 4-ü uzaqlığı əsas götürərək verilən mənzillərdən imtina etmişlər.  

Məlumat üçün bildiririk ki, yataqxana ilə əlaqəsi olmayan və yaşayış sahəsinə çox ehtiyacı olan yüzlərlə AMEA əməkdaşları da “Evrostroy-S” MMC tərəfindən Şərifzadə küçəsi, 12 ünvanında inşa edilən binalardan mənzil almaq iddiasında olmuşlar. Onlar da hesab edirdilər ki, həmin binalar AMEA əməkdaşları üçün tikilmişdir.

Müraciətlərin və şikayətlərin çoxluğunu nəzərə alaraq, 2017-ci ilin oktyabrından etibarən hər həftənin çərşənbə axşamı komissiya tərəfindən qəbul keçirilmiş, müraciət edənlərə onları maraqlandıran məsələlər və komissiyanın işi barədə ətraflı məlumatlar verilmişdir.

Mənzillə təmin edilməyən yataqxana sakinləri AMEA-da işləməyən (onların əksəriyyətinin AMEA-ya heç bir aidiyyəti olmayan) və yataqxanada yaşadığı dövrdə adına mənzil olmuş, yeni binada mənzil almaq üçün adına olan mənzili özgəninkiləşdirmiş AMEA əməkdaşlarıdır. Bu sakinlərə təklif edilmişdir ki, yataqxanadakı otaqları boşaltsınlar və həmin otaqlar uzun illərdir kirayələrdə yaşayan alimlərə verilsin. Odur ki, həm respublikanın aidiyyəti rəhbər dövlət orqanlarına, həm də saytlara şər-böhtanla dolu yazılar göndərirlər. Belə yazıları araşdırmamış kütləvi informasiya vasitələri ilə verilməsi isə çaşqınlıq yaradır.

Narazı olan sakinlər dəfələrlə qəbul edilmiş və mənzil ayrılmamasının səbəbləri barədə onlara ətraflı izahatlar verilmişdir.

Sərdar Əliyev, AMEA-nin İşlər idarəsinin müdir müavini, Mənzillərin bölüşdürülməsi komissiyasının katibi

  • Paylaş: