Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.11.2018 15:00
  • A-
  • A
  • A+

"Mikayıl Müşfiqin poetik dili" mövzusunda elmi sessiya keçirilib

"Mikayıl Müşfiqin poetik dili" mövzusunda elmi sessiya keçirilib

AMEA-nın Əsas binasında Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə "Mikayıl Müşfiqin poetik dili" mövzusunda elmi sessiya keçirilib.

Tədbir görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinə həsr olunub.

Sessiyanı institutun direktoru, akademik Möhsün Nağısoylu açaraq tədbirin Prezident İlham Əliyevin “Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında” 17 may 2018-ci il tarixli Sərəncamı çərçivəsində baş tutduğunu söyləyib.

Akademik Müşfiqin XX əsr Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən biri olduğunu, ədəbiyyatımıza öz dəsti-xətti, üslubu ilə novatorluq gətirdiyini söyləyib. Bildirib ki, milli ədəbiyyatımızı lirik şeirləri, poemaları, mənzum oçerkləri və nağılları ilə zənginləşdirən M.Müşfiq misilsiz sənət inciləri yaradıb. M.Nağısoylu ədibin şeirlərinin ruhunda ana dilimizin zənginliyinin, saflığının qorunduğunu, poeziyasında millilik, vətənpərvərlik, xalq ruhunun bədii ifadəsinin əks olunduğunu diqqətə çatdırıb.

Lirik şeirin böyük ustadı olan Mikayıl Müşfiqin yaşadığı dönəmlərdə "zəmanəsinin Füzulisi" adlandırıldığını deyən akademik ədibin "Oxu, tar, oxu tar", "Qal, sənə qurban", "Küləklər", "Yenə o bağ olaydı" və digər şeirlərinə mahnılar bəstələndiyini bildirib.

Akademik, həmçinin Mikayıl Müşfiqin ehtimal olunan qalıqlarının tapılması üçün ölkə başçısının göstərişi ilə AMEA, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət İşçi Qrupunun yaradıldığını xatırladıb.

Sonra Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmlinin "Müşfiqin şeir dilinin poetik imkanları", həmin müəssisənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılovun "Müşfiqin məhəbbət poeziyası", həmin müəssisənin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Xədicə Heydərovanın "Mikayıl Müşfiq yaradıcılığı leksikoqrafiyanın obyekti kimi" və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Safurə Quliyevanın "Azadlıq carçısı Müşfiq" mövzularında məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: