Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

İqtisadçı alimlər İctimai Elmlər Bölməsinin fəxri fərmanı ilə təltif olunublar
21.11.2018 13:55
  • A-
  • A
  • A+

İqtisadçı alimlər İctimai Elmlər Bölməsinin fəxri fərmanı ilə təltif olunublar

Noyabrın 21-də AMEA-nın Rəyasət Heyətində İctimai Elmlər Bölməsinin Büro iclası keçirilib.

Tədbirdə Büro üzvləri, müvafiq elmi müəssisələrin rəhbərləri, elmi katibləri və aidiyyəti üzrə əməkdaşlar iştirak ediblər.

İclası giriş sözü ilə açan bölmənin akademik-katibi, akademik Nərgiz Axundova iştirakçılara gündəlikdəki məsələlər barədə məlumat verib. Prezident İlham Əliyevin AMEA-nın İqtisadiyyat İnstitutunun 60 illik yubileyi münasibətilə müəssisənin bir qrup əməkdaşına fəxri adların verilməsi haqqında Sərəncam imzaladığını xatırladan akademik bildirib ki, həmin alimlər bölmənin fəxri fərmanlarına da layiq görülüblər. Sonra N.Axundova institutun əməkdaşlarına fəxri fərmanları təqdim edib. Həmçinin elmi fəaliyyətində əldə etdiyi uğurlu nəticələrə görə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun şöbə müdiri, hüquq üzrə elmlər doktoru Ramin Qurbanov da bölmənin fəxri fərmanı ilə təltif olunub.

Tədbirdə Hüquq və İnsan Haqları İnstitutunun Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri, hüquq üzrə elmlər doktoru Ayxan Rüstəmzadə "AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda hüquqi islahatlar ilə bağlı aparılan işlər və bu sahənin inkişafında atılan addımlar" mövzusunda məruzə ilə çıxış edib. Alim Azərbaycan Respublikası Prezidentinin 26 may 2016-cı il tarixli Sərəncamına əsasən AMEA-nın İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutunun Hüquq və İnsan Haqları İnstitutu adlandırıldığını xatırladıb. Qeyd edib ki, AMEA Rəyasət Heyətinin qərarı ilə institutda hüquq elminin yaradıcılığı, eləcə də nəzəri və praktiki problemləri ilə məşğul olan bir sıra şöbə yaradılıb.

Natiq bildirib ki, institut Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Azərbaycan Respublikasının Milli Məclisi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi, habelə BMT, Avropa Şurası, NATO, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu kimi beynəlxalq qurumlarla, bir sıra xarici ölkələrin müvafiq elmi-tədqiqat müəssisələri, dövlət və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edir. İnstitutun elmi fəaliyyətlə yanaşı, beynəlxalq əlaqələrini də genişləndirdiyini söyləyən məruzəçi qurumun ölkənin elmi-mədəni və ictimai-siyasi həyatında fəal iştirak etdiyini, 1999-2018-ci illər ərzində 250-dək seminar, treninq və konfrans keçirildiyini diqqətə çatdırıb.

A.Rüstəmzadə son illər institutda həyata keçirilən bir sıra mühüm layihə və tədbirlər haqqında geniş məlumat verib, ölkə və beynəlxalq səviyyədə insan hüquqlarının müdafiəsi ilə əlaqədar qarşıdakı məqsədlərə çatmaq üçün əməkdaşların daha səylə çalışacaqlarını bildirib.

Məruzə dinlənildikdən sonra müzakirə aparılıb, müvafiq qərar qəbul olunub.

Sonra elmi-təşkilati məsələlərə baxılıb. Bölmənin qərarı ilə AMEA-nın Fəlsəfə və İqtisadiyyat institutlarının Elmi şuralarının tərkiblərində qismən dəyişiklik edilməsi, həmçinin tarix üzrə fəlsəfə doktoru Ramilə Dadaşovanın AMEA-nın Qafqazşünaslıq İns­titu­tunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təsdiq olunması ilə bağlı Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.

Tədbirdə AMEA-nın Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun 60 illik yubileyi münasibətilə qurumun bir qrup əməkdaşının bölmənin fəxri fərmanları ilə təltif olunmaları qərara alınıb.

İclasda bölməyə daxil olan bir neçə elmi müəssisə üzrə kadr məsələlərinə baxılıb, müvafiq qərarlar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: