www.science.az
03.06.2014 00:00

AMEA Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda laboratoriya və sektorların elmi-təşkilati fəaliyyəti müzakirə olunub

Bu gün AMEA Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda laboratoriya və sektorların elmi-təşkilati fəaliyyəti müzakirəsinə həsr olunmuş tədbir keçirildi. Toplantıda son 3 ildə görülən işlər, həyata keçirilən layihələr haqqında ətraflı məlumat verildi.

Tədbiri giriş sözü ilə açan AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi, institutun direktoru, AMEA-nın müxbir üzvü Dilqəm Tağıyev gündəlikdə duran məsələlər barədə məlumat verdi.

“Mineral maddələrin emalının kimyası və texnologiyası” laboratoriyası haqqında təqdimatla çıxış edən AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Mübariz Əhmədov laboratoriyanın əsas istiqamətlərindən bəhs etdi. Bildirdi ki, respublikanın mineral sərvətlərinin kompleks emalı, eləcə də bəzi istehsalat qrantlarının tətbiq sahələrinin araşdırılmasını həyata keçirən laboratoriyada ötən 4 il müddətində 1 doktorluq, 2 fəlsəfə doktorluğu işi müdafə olunmuş, 7 məqalə impakt-faktorlu jurnallarda dərc olunmuşdur. M.Əhmədov həmçinin laboratoriyanın gələcək prioritet istiqamətlərini diqqətə çatdırdı.

Tədbir AMEA-nın müxbir üzvü, kimya üzrə elmlər doktoru, professor Əli Nuriyevin“Sorbsiya prosesləri” laboratoriyası, kimya üzrə fəlsəfə doktoru Zaur Əlizadənin “Dəmir filiz xammalının emalının kimyası və texnologiyası” sektoru, kimya üzrə elmlər doktoruArif Heydərovun “Əlvan və nadir metallar” qrupu, kimya üzrə elmlər doktoru Əli Yaqubovun “Təbii minerallar əsasında sorbentlərin sintezi” qrupu haqqında təqdimatları ilə davam etdirildi.

Sonda məruzələr ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

Qeyd edək ki, iyun ayının 17-dək davam edəcək tədbirlərdə kimya üzrə elmlər doktoru, professor İxtiyar Bəxtiyarlı “Xalkogenidlərin fiziki-kimyəvi tədqiqi” laboratoriyası, kimya üzrə fəlsəfə doktoru Səadət Bənənyarlı “Oksid materialların kimyası”, kimya üzrə elmlər doktoru, professor İmir Əliyev “Nadir elementlər kimyası”, kimya üzrə elmlər doktoru, professor Mirsəlim Əsədov “Fiziki-kimyəvi sistemlərin tədqiqi və modelləşdirilməsi” sektorlarının 2011-2013-cü illərdə gördükləri elmi işlərin nəticələri haqqında məruzə ilə çıxış ediblər. Məruzəçilər laboratoriyalarda 2015-2020-ci illər üçün həlli nəzərdə tutulan problemlərdən, inkişaf istiqamətlərindən danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.