Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.11.2018 09:44
  • A-
  • A
  • A+

Ömər Xəyyamın 970 illiyinə həsr olunmuş beynəlxalq konfrans başa çatıb

Ömər Xəyyamın 970 illiyinə həsr olunmuş beynəlxalq konfrans başa çatıb

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində böyük mütəfəkkir şair Ömər Xəyyamın anadan olmasının 970 illiyinə həsr edilmiş ikigünlük “Xalqları qovuşduran Xəyyam sözü” adlı beynəlxalq elmi konfransa yekun vurulub.

Konfransın ikinci günündə çıxış edən muzeyin direktoru, akademik Rafael Hüseynov Ömər Xəyyamın ədəbi irsinin XIX əsrdən bu günədək dünyanın bir çox dillərinə tərcümə edildiyini bildirib.

Alim vurğulayıb ki, konfransın gedişi, buradakı maraqlı çıxışlar Ömər Xəyyamın öz əsərləri ilə xalqları qovuşduran, insanları biri-birinə yaxınlaşdıran mənəvi körpü ucaltmış olduğunu bir daha təsdiq edib. Belə ki, Xəyyam sözünün işığına toplaşan Azərbaycanla yanaşı, İrandan, Qazaxıstandan və başqa ölkələrdən qatılan alimlər, tədqiqatçılar onun əsərlərini müxtəlif aspektlərdə təhlil edib, maraqlı mülahizələr söyləyiblər.

Akademik R.Hüseynov diqqətə çatdırıb ki, dünya şairi adını qazanan Xəyyamın bir neçə il əvvəl iş adamı Əli Poladın təşəbbüsü ilə rübailəri toplanaraq ilk dəfə Tehran və Təbrizdə nəfis kitab halında çap olunub. Sonra kitab türk, Azərbaycan və müxtəlif dillərə tərcümə edilib. Lakin ötən zaman müddətində əldə etdiyimiz yeni materiallar əsasında biz kitabı daha mükəmməl şəkildə nəşrə hazırlamaq qərarına gəldik. Qazaxıstanlı qonağımız konfransda bildirdi ki, ötən əsrdə böyük qazax şairi Aybək də Xəyyamı qazax dilinə çevirərək çap etdirib. Həmin materialları da biz əldə edəcək və başqa dillərdə də tərcümələri toplayıb sanballı kitab halında yenidən nəşr etdirəcəyik.

Konfransın təşkilat komitəsinin üzvü, filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlu Xəyyam işığına toplaşan alimlərə dəvəti qəbul edib konfransa qatıldıqlarına görə təşəkkürünü bildirib. Qeyd edib ki, on bölmədən ibarət konfransın təşkilat komitəsinə 70-dən çox tezis göndərilib, tədbirdə 50-dən çox məruzə dinlənilib. Məruzələrin əksəriyyətində Ömər Xəyyam yaradıcılığı müxtəlif istiqamətlərdən təhlil edilib, böyük söz ustadının haqqında yeni fikirlər səsləndirilib.

Sonda beynəlxalq konfransın işində fəallıq göstərən alimlərin bir qrupuna təşkilat komitəsi adında təşəkkürnamələr təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: