Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

15.11.2018 16:35
  • A-
  • A
  • A+

“Xalqları qovuşduran Xəyyam sözü” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb

“Xalqları qovuşduran Xəyyam sözü” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində XII əsrin böyük mütəfəkkiri Ömər Xəyyamın anadan olmasının 970 illiyinə həsr olunan “Xalqları qovuşduran Xəyyam sözü” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.

Konfransda muzeyin direktoru, akademik Rafael Hüseynov “Dünyanın Xəyyamı, Xəyyamın dünyası” mövzusunda məruzə ilə çıxış edib. Görkəmli mütəfəkkir Ömər Xəyyamın həyat və yaradıcılığından danışan Rafael Hüseynov onun yalnız Yaxın və Orta Şərqin deyil, dünya elmi və ədəbiyyatının zirvələrindən biri kimi tanındığını diqqətə çatdırıb.

Akademik bildirib ki, Xəyyam dövrünün görkəmli astronomu və riyaziyyatçısı olmaqla bu elm sahələrində mühüm kəşflər və ixtiralar edib. Eyni zamanda, fəlsəfi traktatları və müdrikliklə dolu rübailəri də onu həm fəlsəfi fikir, həm də ədəbiyyat tarixinin müstəsna simalarından birinə çevirib.

R.Hüseynov ingilis şair və tərcüməçisi Edvard Fitsceraldın 1859-1868-ci illərdə Ömər Xəyyamın rübailərini öz ana dilinə çevirdiyini və həmin vaxtdan onun rübailərinin dünya dillərinə tərcüməsinin başladığını söyləyib. Qeyd edib ki, Ö.Xəyyamın rübailəri SSRİ dövründə Mikayıl Müşfiq, Mirmehdi Seyidzadə və Əkrəm Cəfər tərəfindən tərcümə olunaraq Azərbaycan oxucusuna çatdırılıb.

O, hazırda Ömər Xəyyamın müsəlman Şərqinin dünyada ən çox tanınan, oxunan, nəşr və tərcümə edilən klassikləri sırasında öndə olduğunu deyib.

R.Hüseynov bildirib ki, Xəyyam fenomenini açmaq, onun şəxsiyyətini daha dərindən təhlil etmək, əsərlərinin elmi tənqidi mətnini hazırlamaq bu gün ədəbiyyatşünasıq elminin qarşısında duran mühüm vəzifələrdəndir.

Beynəlxalq elmi konfransda, həmçinin filologiya üzrə elmlər doktoru, professor Şəfəq Əlibəylinin “Ömər Xəyyam rübailərinin üslubi özəllikləri”, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyevanın “Xəyyam və Nəsiminin xəyal kəsişməsi”, filologiya üzrə fəlsəfə doktoru Ülkər Məmmədovanın “Ömər Xəyyamın məşhur şagirdi Eynəlqüzzat Miyanəçi”, təbrizli professor Məhəmməd Əmin Sultan Ol-Qurrainin “Rubaiyyati-Ömər Xəyyam”, fəlsəfə üzrə elmlər doktoru, professor Qaziz Теlebaevin “Xoca Əhməd Yasəvi və Ömər Xəyyamın insan haqqında təlimləri” və digər mövzularda məruzələri dinlənilib.

Tədbir öz işini bölmə iclasları ilə davam etdirib.

Qeyd edək ki, konfrans noyabrın 16-da başa çatacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: