Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik Rasim Əliquliyev: “Türkologiya” jurnalında yeni rubrikaların yaradılmasına ehtiyac vardır”
15.11.2018 10:56
  • A-
  • A
  • A+

Akademik Rasim Əliquliyev: “Türkologiya” jurnalında yeni rubrikaların yaradılmasına ehtiyac vardır”

Bu fikri AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev AMEA Rəyasət Heyətinin iclasında akademiyanın “Türkologiya” jurnalının 2016-2018-ci illər üzrə fəaliyyəti haqqında müzakirələrdə iştirakı zamanı səsləndirib.

Alim türkologiya elminin, türk xalqlarının tarixi, mədəni zənginlikləri və digər mühüm məsələlərə dair məqalələri əhatə edən jurnalın fəal oxucusu olduğunu, nəşrin beynəlxalq jurnalların tələblərinə cavab verdiyini vurğulayıb.

Son zamanlar virtual məkan anlayışının vüsət aldığını deyən akademik R.Əliquliyev türkdilli ölkələrin ortaq dil probleminin mövcud olduğunu, İnternet resurslarında bu istiqamətdə yeni tədqiqatların meydana çıxdığını diqqətə çatdırıb. Bildirib ki, türkdilli ölkələrin konfrans və simpoziumlarında müxtəlif çağırışlar edilir, yeni ideyalar yaranır. Alim qeyd olunanları nəzərə alaraq, “Türkologiya” jurnalında “türkologiya və İnternet”, “türkologiya və virtual məkan” kimi yeni rubrikaların yaradılmasına ehtiyac olduğunu deyib.

AMEA-nın akademik-katibinin sözlərinə görə, “Türkologiya” jurnalının sosial şəbəkəsinin yaradılması, burada forumların təşkili bu nəşrin oxucuları, məqalə müəllifləri üçün geniş müzakirə platformasını formalaşdıracaq: “Bu, türkdilli ölkələrin maraqlarına xidmət etməklə yanaşı, həm də jurnalın inkişafına, onun üzərinə götürdüyü missiyanı daha uğurla həyata keçirməsinə  imkan verəcək”.

R.Əliquliyev, həmçinin türk dünyası ölkələrini birləşdirən vahid domen zonasının yaradılmasının zəruri olduğunu qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: