Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Mərkəzi Elmi Kitabxana və Mətbuat Şurası arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
14.11.2018 12:00
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxana və Mətbuat Şurası arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Noyabrın 14-də Azərbaycan Mətbuat Şurası (MŞ) və AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) arasında əməkdaşlıq haqqında Memorandumun imzalanması mərasimi keçirilib.

Hər iki təşkilatın nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə çıxış edən MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova MŞ ilə birgə görülən işlərin əhəmiyyətindən və Memorandumun məqsədindən söz açaraq, imzalanan sənədin qarşılıqlı faydalı əməkdaşlığa təkan verəcəyini bildirib. MEK rəhbəri eyni zamanda kitabxananın dövri mətbuat fondu, burada saxlanılan qəzetlər və jurnallar, 2015-2018-ci illərdə əldə olunan nəticələr və strateji hədəflər barədə məlumat verib.

MEK-in innovativ layihəsi olan Milli Rəqəmsal Yaddaş (MRY) bazasının əhəmiyyətindən danışan direktor onun yaratdığı imkanlar vasitəsilə mediaya etibarlı elmi informasiya dəstəyi verilə biləcəyini diqqətə çatdırıb. L.İmanova MRY bazasının Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı ilə həyata keçirilən “Milli Rəqəmsal Yaddaş üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanılması, ekspertizası və etibarlı saxlanılması” layihəsi əsasında daha da zənginləşdiyini vurğulayıb. O, həmçinin Azərbaycanın aparıcı mətbuat orqanlarının nüsxələrinin elektron formatda MEK-in MRY bazasında yerləşdirilməsi prosesi, kitabxananın BDU-nun Jurnalistika fakültəsi və digər qurumlarla əməkdaşlığından danışaraq bu istiqamətdə fəaliyyətin davam edəcəyini bildirib. L.İmanova çıxışında MEK-in vikipediya fəaliyyətindən və onun milli kontentin inkişaf etdirilməsi yönündə xidmətindən də danışıb.

Sonra Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov çıxış edərək MŞ-nin həyata keçirdiyi tədbirlərdən, layihələrdən və medianın mövcud durumundan danışıb. MEK-lə birgə görülən işlərdən söz açan Ə.Amaşov Memorandumun hər iki qurum arasında əlaqələrin genişləndirilməsinə töhfə verəcəyini deyib. Memorandumun əhəmiyyətini vurğulayan millət vəkili sənəddə tərəflərin elmi və mədəni irsə aid informasiyanın əldə edilməsi, toplanılması, qorunması və yayılması ilə bağlı müddəların öz əksini tapdığını, təşkilatlar arasında əlaqələrin inkişafında informasiya mübadiləsinin zəruriliyinin nəzərdə tutulduğunu və gələcəkdə bunun müştərək fəaliyyətin təşkilinə zəmin yaradacağını bildirib.

Tədbirdə “Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Mətbuat Şurasının sədr müavinləri - Umud Rəhimoğlu və Müşfiq Ələsgərli, İdarə Heyətinin üzvləri - Azər Həsrət, “Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev və “Cümhuriyyət” qəzetinin baş redaktoru Rafail Becanov, MEK-in Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü və Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova çıxış edərək Memorandumun əhəmiyyətini yüksək qiymətləndirib, kitabxananın ölkənin aparıcı media qurumları ilə əlaqələrindən, elektron fondunun genişləndirilməsi və oxuculara xidmət göstərilməsi istiqamətində fəaliyyətlərindən bəhs ediblər.

Sonda sənədi Mətbuat Şurasının sədri Əflatun Amaşov və Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova imzalayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: