Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları İtaliyada beynəlxalq seminarda iştirak ediblər
06.11.2018 15:54
  • A-
  • A
  • A+

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları İtaliyada beynəlxalq seminarda iştirak ediblər

Roma şəhərində Şərq tərəfdaşlığı (EaPConnect) və İtaliya Elm və təhsil şəbəkəsi konsorsiumunun birgə təşkilatçılığı ilə “EaPConnect e-Health Workshop 2018 – Milli tədqiqatlar və təhsil şəbəkəsi çərçivəsində biotibbi əməkdaşlıq: nailiyyətlər və ən yaxşı təcrübələr” mövzusunda seminar keçirilib. 

İtaliya Milli Səhiyyə İnstitutunda təşkil olunan seminarda altı Şərq Tərəfdaşlığı ölkəsinin (Azərbaycan, Balarus, Gürcüstan, Ermənistan, Moldova və Ukrayna) milli elm və təhsil şəbəkələrinin rəhbərləri və mütəxəssisləri, həmçinin İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Məsumə Məmmədova və həmin institutun baş elmi işçisi, tex.ü.f.d., dosent Zərifə Cəbrayılova iştirak ediblər.

Tədbir Avropa İttifaqının Şərq Tərəfdaşlığı layihəsi çərçivəsində təşkil olunub. Seminarda biotibb üzrə nüfuzlu təşkilatların tematik tədqiqatları və qabaqcıl təcrübəsi, müxtəlif maliyyə və təşkilat modelləri təqdim edilib, ən yaxşı nəticələr nümayiş etdirilib.

Seminarın ilk günündə İtaliya Elm və təhsil şəbəkəsi konsorsiumunun prezidenti Federiko Rugieri və İtaliya Milli Səhiyyə İnstitutunun prezidenti, professor Qualtiero Rikkiardi çıxış edərək tədbirin məqsədi və proqramı barədə iştirakçılara məlumat veriblər.

Seminarda tibbi cəmiyyətlərin dəstəklənməsində Avropanın Milli Tədqiqatlar və Təhsil Şəbəkəsinin (NREN) formalaşması və arxitektur prinsipləri, teletibb, fərdyönümlü tibb, aktiv və sağlam qocalma, tibbi teleidarəetmə, Polşa, Danimarka və İsraildə biotibbi fəaliyyətlə məşğul olan cəmiyyətlərin təcrübəsi, bu ölkələrdə yaradılan NREN-lərin təşkilat və maliyyə modelləri müzakirə olunub, yeni nailiyyətlər təqdim olunub, perspektivlər göstərilib.

İkinci gündə müxtəlif istifadəçilərin tələbatlarının ödənilməsinə yönəlmiş praktiki işlər və xidmətlər ilə bağlı məruzələr dinlənilib, istifadə olunan elektron biotibbi tətbiq nümunələri nümayiş etdirilib.

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları tədbirdə əldə etdikləri məlumatların ölkəmizdə elektron tibbin formalaşması istiqamətində aparılan tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsində faydalı olacağını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: