www.science.az
01.11.2018 11:04

“Azərbaycan multikulturalizmi” dərsliyinin ingilis dilində nəşrinin təqdimatı olub

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “Azərbaycan multikulturalizmi” dərsliyinin ingilis dilində nəşrinin təqdimatı keçirilib.

Tədbirdə kitabın elmi redaktoru, Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor Etibar Nəcəfov çıxış edərək hazırda “Azərbaycan multikulturalizmi” fənninin 19 ölkədə tədris olunduğunu deyib. O, dərsliyin tezliklə rus dilində də nəşr ediləcəyini söyləyib.

Nəşrin digər elmi redaktoru, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev bildirib ki, vəsaitdə dərin və köklü məsələlər öz əksini tapıb: “Kitab bu fənni tədris edən müəllim və tələbələr üçün böyük töhfədir. Prezident İlham Əliyevin dediyi kimi, multikulturalizm Azərbaycan Respublikasının dövlət siyasətidir. Azərbaycanda multikultural təhlükəsizlik təmin edilib”.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə isə çıxışında kitabın xarici universitetlərdə dərslik kimi istifadə olunmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, hazırda ölkəmizdə multikultural mühit həyatın bütün sahələrində, o cümlədən mədəniyyət və incəsənətdə də özünü göstərir.

Tədbirdə, həmçinin Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının yepiskopu Vladimir Fekete, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov, tarix elmləri doktoru Solmaz Tohidi və digərləri çıxış edərək yeni nəşrin önəmindən danışıblar. Bildirilib ki, gənclərə multikultural dəyərlərin aşılanması, eləcə də Azərbaycan multikulturalizmi haqqında məlumatların dünyaya çatdırılmasında vəsait böyük rol oynayacaq.

Qeyd edək ki, giriş, üç bölmə və yeddi fəsildən ibarət olan dərslik respublikanın və xarici ölkələrin universitetlərində “Azərbaycan multikulturalizmi” fənnini öyrənən tələbələr, magistrlər və doktorantlar üçün nəzərdə tutulub. Kitabın qırxdan çox müəllifi var.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.