www.science.az
31.10.2018 09:23

Kimya Elmləri Bölməsinə daxil olan institutların elmi jurnalları barədə müzakirələr aparılıb

Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın Elmi Nəşriyyat Şurasının sədri, akademiyanın müxbir üzvü Misir Mərdanov Kimya Elmləri Bölməsinə daxil olan institutlarda çap edilən elmi jurnalların məsul katibləri ilə görüşüb.

Görüşdə M.Mərdanov bölmənin müəssisələrində nəşr olunan jurnalların anket sorğusunun nəticələrini açıqlayıb, “Kimya problemləri”, “Neft kimyası və neft emalı prosesləri” jurnallarının “Web of Science” elmi bazasına daxil edilməsinin sevindirici hal olduğunu diqqətə çatdırıb. Alim “Azərbaycan Kimya jurnalı”nın da bu bazaya daxil olması üçün tövsiyələrini verib. M.Mərdanov, eyni zamanda, jurnalların beynəlxalq standartlara uyğun tərtib olunması üçün hazırladığı qaydalarla məsul katibləri tanış edib.

Alim Kimya Elmləri Bölməsinə daxil olan institutlarda çap edilən elmi nəşrlərin vəziyyətinin ümumilikdə qənaətbəxş olduğunu söyləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.