Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Akademik Rafael Hüseynov: “Repressiya qurbanlarının axtarışı üçün komissiya yaradılmalıdır”
29.10.2018 15:21
  • A-
  • A
  • A+

Akademik Rafael Hüseynov: “Repressiya qurbanlarının axtarışı üçün komissiya yaradılmalıdır”

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov dahi şair, repressiya qurbanı Mikayıl Müşfiqin nəşinin qalıqlarının tapılması ilə bağlı iddialara münasibət bildirib. Alim qeyd edib ki, bu son dərəcədə həssas məsələdir və diqqətli araşdırma tələb edir. 

R.Hüseynov əlavə edib ki, repressiya dövründə qurban olmuş böyük sənətkarların – Əhməd Cavad, Salman Mümtaz və onlar kimi Azərbaycanın digər görkəmli şəxsiyyətlərinin məzarlarını axtarmaq bizim borcumuzdur.

Alim təkcə Azərbaycanda deyil, Rusiyada, Orta Asiyada keçmiş Dövlət Təhlükəsizliyi Komitəsinin arxivində saxlanılan yüzlərlə sənədlərdən əldə etdiyi faktlardan bəhs edib. Bildirib ki, güllələnməyə məhkum olanların işlərində hökmün yerinə yetirilməsi ilə bağlı aktlar olduğu halda, onların harada və necə dəfn olunması ilə bağlı sənədə rast gəlinmir. Müşfiqə aid olduğu ehtimal edilən qalıqların ortaya çıxması əslində bir çox ideyaların həyata keçirilməsi üçün başlanğıc ola bilər. Yəni, bu hadisə itkin, eləcə də naməlum məzarlar haqqında bir daha düşünməyə əsas verir.

1937-ci ildə, hətta bir gün ərzində bir neçə nəfərin qətlə yetirildiyini deyən akademik eyni ərəfədə öldürülən şəxslərin fərdi məzarlarda basdırılmasının inandırıcı görünmədiyini deyib. Bildirib ki, həmin dövrdə güllələnənlərin bəzilərini istifadədən çıxmış neft quyularında basdırılması ənənəsi də olub: “Düşünürəm ki, repressiya qurbanlarının məzarlarının tapılması üçün komissiya yaradılmalı, Müşfiq və digər şəxsiyyətlər araşdırılmalıdır”. Bununla bağlı, Dövlət Təhlükəsizlik Xidmətindən real faktların əldə etməyin mümkün olduğunu vurğulayan alim həmin məlumatlar vasitəsilə başqa məzarların da axtarılması üçün imkan yaranacağını qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: