www.science.az
24.10.2018 16:16

Akademik Urxan Ələkbərov: “Ölkəmiz 2018-ci ildə inklüziv inkişaf sahəsində dünyada yüksək mövqe qazanıb”

AMEA Rəyasət Heyəti və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) Elmi Şurasının birgə iclasında DİA-nın rektoru, AMEA-nın müşaviri, akademik Urxan Ələkbərov “İnklüziv inkişaf və innovativ idarəetmə texnologiyaları: Azərbaycan Respublikasının təcrübəsi” adlı məruzə ilə çıxış edib.

Akademik məruzəsində bildirib ki, ölkəmiz 2018-ci ildə inklüziv inkişaf sahəsində  dünyada yüksək mövqe qazanıb. Qeyd edib ki, Davos İqtisadi Forumunun dəyərləndirmələrinə görə, respublikamız keçid iqtisadiyyatına malik ölkələr arasında üçüncü yeri tutur. Onun sözlərinə görə, bu qrupdakı ölkələrin üstün iqtisadi imkanlarının olmasına baxmayaraq,  onlar arasında Azərbaycan Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvü olan çox sayda dövlətlərdən irəlidədir: “Azərbaycanın inklüziv inkişaf indeksləri ABŞ, Yaponiya, İtaliya, İsrail, İspaniya, Portuqaliya, Türkiyə, Rusiya və başqa ölkələrin göstəricilərini üstələyir. Bu nailiyyət Azərbaycan Respublikasında sosial siyasətin ümumi inkişaf strategiyasının bir istiqaməti olmasından xəbər verir”.

Natiq qeyd edib ki, ölkəmizin inklüziv inkişaf edən cəmiyyətin qurulması istiqamətində qazandığı uğurların başlıca faktoru insan potensialının formalaşdırılması və səfərbər edilməsinə elmi yanaşmadadır: “Son 15 ildə ölkədə adambaşına düşən gəlirlərin artması, iqtisadi dirçəlişə nail olunması dövlət səviyyəsində elm, təhsil və səhiyyənin inkişafı üçün geniş şərait yaradıb. Təhlillər göstərir ki, Azərbaycan Respublikasında qazanılan uğurların əsasında ölkə Prezidenti İlham Əliyev tərəfindən işlənilmiş, nəzəri əsasları və tətbiq üsulları yeni olan idarəetmə texnologiyaları kompleksi dayanır”.

Məruzədə idarəetmədə istifadə olunan bu yeni sinergetik, komplementar və kompensasion texnologiyalar və onların kompleks  tətbiqi sayəsində qazanılan nailiyyətlər geniş təhlil edilib. Qeyd olunub ki, kompleks şəklində vahid çoxkomponentli bir sistem kimi bu texnologiyalardan inklüziv inkişafın planlaşdırılması və idarəedilməsi üçün ilk dəfə Azərbaycanda istifadə edilib. Bu texnologiyalar ümumilikdə dövlət proqramlarının milli proqramlara çevrilməsini, onların reallaşdırılmasında vətəndaş cəmiyyəti və fərdi biznesin iştirakını, milli, xarici və beynəlxalq tərəfdaşların müştərək layihələr üzrə  maraqlarına diqqətin artırılmasını nəzərdə tutur.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, professor Fərəh Əliyeva, akademik Gövhər Baxşəliyeva, professorlar - Nazim İmanov, Fuad Məmmədov və digərləri çıxış edərək fikir və təkliflərini bildiriblər.

Daha sonra AMEA Rəyasət Heyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi Şurasının qərarına əsasən, respublikada tətbiq edilən və beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilən idarəetmə texnologiyalarının tədqiqinin davam etdirilməsi məqsədəuyğun hesab olunub. Bundan başqa, qərarda elmi nəşrlərdə ölkənin inklüziv inkişaf sahəsində nailiyyətlərinin təhlili ilə bağlı multidissiplinar elmi tədqiqatların nəticələrinin dərc edilməsi, bu sahəyə dair ali məktəblər üçün xüsusi dərsliyin hazırlanması, orta məktəb proqramlarındakı müvafiq fənlər çərçivəsinə inklüziv inkişafa dair bilik və bacarıqlar aşılayan məlumatların daxil edilməsi və digər məsələlər yer alır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.